İrakli Qaribaşvilinin məhkəmə prosesi qapalı rejimdə keçiriləcək

19:35, 02.11.2026

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvilinin məhkəmə prosesi qapalı rejimdə keçiriləcək.

Bu barədə qərarı hakim Tamar Mçedlişvili bugünkü məhkəmə iclasında qəbul edib.

Məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı vəsatəti ittiham tərəfi qaldırıb. Buna əsas kimi məhkəmə araşdırması zamanı məxfi məlumatların mümkün açıqlanması təhlükəsini göstərib.

Müdafiə tərəfi isə bu vəsatətlə razılaşmayıb. Vəkilin sözlərinə görə, müdafiə naziri olmuş Cuanşer Burçuladzenin məhkəmə prosesi açıq keçirilib. Halbuki həmin iş də eyni məzmun daşıyır və Müdafiə Nazirliyinin məxfi satınalması ilə bağlıdır. Vəkillər bildiriblər ki, bu halda məhkəmə prosesinin qapalı keçirilməsi üçün əsas görmürlər. Onların izahına görə, həmin işin və Qaribaşvilinin işinin materialları oxşardır və artıq açıq məhkəmə iclaslarında araşdırılıb.

Prosesdə iştirak edən təqsirləndirilən İrakli Qaribaşvili də məsələ ilə bağlı açıqlama verib.

İrakli Qaribaşvili məhkəmə iclasının qapalı keçirilməsinə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, iş siyasi motivlidir və böhtan üzərində qurulub. O, məhkəmə prosesinin açıq keçirilməsini və cəmiyyətin həqiqəti öyrənməsini istəyir.

“Bu vəsatətə, məhkəmə iclasının qapalı keçirilməsinə qarşıyam. İstəyirəm ki, cəmiyyət həqiqəti bilsin – bu, böhtan üzərində qurulmuş, siyasi motivli işdir. Prosesin açıq və şəffaf keçirilməsi çox vacibdir ki, bütün cəmiyyət ittihamın əsassız olduğunu görsün. Bu vəsatətə qəti şəkildə qarşıyam və sizdən xahiş edirəm ki, vəsatət təmin olunmasın”, – deyə İrakli Qaribaşvili bildirib.

Tbilisi Şəhər Məhkəməsində İrakli Qaribaşvilinin işi üzrə məhkəmə araşdırması davam edir. Keçmiş baş nazir xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Bu cinayətə görə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə iclasının əvvəlində sabiq baş nazir ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib.

Xatırladaq ki, İrakli Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasına görə məhkum edilib. O, prosessual razılaşma əsasında 5 il müddətinə azadlıqdan məhrum edilib və 1 milyon lari məbləğində cərimələnib.

 

Oxşar