İrakli Kobaxidze – Rusiya ilə diplomatik münasibətlərin bərpası qarşısında bir maneə var – ölkəmizin 20 faizinin işğal olunması. Məqsədimiz kommunikasiya kanalını gücləndirməkdir. Bu istiqamətdə, o cümlədən ticarət-iqtisadi və humanitar məsələlər üzrə işləyirik
Diplomatik münasibətlərin bərpası ilə bağlı mövqeyimiz aydındır. Təəssüf ki, bu münasibətlərin bərpası qarşısında konkret maneə var. Əgər bu maneə aradan qalxarsa, təbii ki, danışmağa hazırıq. Lakin bu günə qədər həmin maneə mövcuddur və bu maneə ölkəmizin 20 faizinin işğal olunmasıdır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə diplomatik münasibətlərə dair suala cavabında bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, Giorgi Zurabişvilinin Rusiya ilə münasibətlər məsələləri üzrə Gürcüstanın Baş nazirinin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması çox mühüm addım olub.
“Bizim məqsədimiz, təbii ki, kommunikasiya kanalımızı gücləndirməkdir. Müxtəlif istiqamətlərdə çalışırıq. Bunlara ticarət-iqtisadi və humanitar məsələlər də daxildir. Bildirmək istəyirəm ki, cənab Giorgi Zurabişvili artıq fəaliyyətə çox səmərəli şəkildə başlayıb və bu istiqamətdə iş davam etdiriləcək. Bu, təbii ki, bizim vəzifəmizdir, dövlət olaraq bu istiqamətdə fəaliyyət göstəririk və bu fəaliyyət konkret praktiki nəticələr verəcək”, – deyə Baş nazir bildirib.