İrakli Kobaxidze – Orta Dəhliz qlobal ticarət xəritəsinin ayrılmaz hissəsinə çevrilib, tranzit ölkə kimi rolumuzu gücləndirmək üçün təxminən 7 milyard dollar investisiya nəzərdə tutulur
Əlaqəlilik və tranzitlə bağlı bütün istiqamətlər üzrə iddialı planlarımız var və bu planın həyata keçirilməsini tam ardıcıllıqla davam etdiririk. Əminliklə deyə bilərik ki, beş ildən sonra Gürcüstan bu baxımdan keyfiyyətcə daha da güclənmiş olacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Biznes Assosiasiyasının “Gürcüstanda biznes mühiti, hökumət və biznes arasında dialoq” adlı konfransında çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, iqtisadi artımda nəqliyyat və logistikanın töhfəsi çox vacibdir.
“İqtisadi artımda nəqliyyat və logistikanın töhfəsi çox vacibdir. Orta Dəhliz qlobal ticarət xəritəsinin ayrılmaz hissəsinə çevrilib ki, bu da ölkənin strateji rolunu daha da artırır. Bu istiqamətdə iddialı planlarımız var. Tranzit ölkə kimi rolumuzu gücləndirmək üçün bu sahəyə təxminən 7 milyard dollar investisiya yatırılması planlaşdırılır və biz 2031-ci ilədək avtomobil yollarının bütün hissələrinin tikintisini başa çatdırmağı planlaşdırmışıq. Bu, iddialı, lakin tamamilə real plandır. İnfrastruktur Nazirliyi bu istiqamətdə fəal işləyir. Liman infrastrukturu ilə bağlı planlarımıza gəlincə, 2029-cu ilədək Anakliya limanının tikintisinin birinci mərhələsi başa çatacaq. Həmçinin hava limanları ilə bağlı da planlı şəkildə iş aparırıq. Kutaisi hava limanının infrastrukturunun genişləndirilməsi həyata keçirilir. Batumidə iddialı planlar var. Həmçinin Tbilisinin yeni beynəlxalq hava limanının, Vaziani hava limanının tikintisini də planlaşdırmışıq. Onun 2031-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Dəmir yolu sahəsində də iddialı planlarımız var. Dəmir yolunun imkanları keyfiyyətcə daha da gücləndiriləcək. Əlaqəlilik və tranzitlə bağlı bütün istiqamətlər üzrə iddialı planlarımız var və bu planın həyata keçirilməsini tam ardıcıllıqla davam etdiririk. Əminliklə deyə bilərik ki, beş ildən sonra Gürcüstan bu baxımdan keyfiyyətcə daha da güclənmiş olacaq. Müvafiq olaraq, bu məsələyə diqqətimizi əsirgəməyəcəyik”, – deyə Baş nazir bildirib.