İlham Əliyev - Hər bir ölkə üçün, özəlliklə də bölgəmizdə qonşu ilə əlaqələr prioritet olmalıdır
Azərbaycanda daxili risklər və təhdidlər yoxdur. Buna görə təhlükəsizliyi sərhədlərdə təmin etməliyik, bunun üçün ən yaxşı yol, qonşular ilə praqmatik və səmimi əlaqələrin qurulmasıdır, – bu barədə Azərbaycan prezidenti, İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.
Azərbaycan prezidenti öz çıxışında Gürcüstan ilə əlaqələrdən də söhbət etdi.
“Düşünürəm ki, hər bir ölkə üçün, xüsusən bizim regionda qonşularla münasibətlər prioritet olmalıdır. Azərbaycanda daxili risklər və təhdidlər yoxdur və ona görə də biz öz sərhədlərimizdə təhlükəsizliyə zəmanət veririk.
Biz ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşularla yaxşı münasibət qurmuşuq. Qonşuluğumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatımız var.
Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 26 yaşı var, lakin Azərbaycan özünü tam müstəqil dövlət kimi möhkəmləndirməyi bacardı. Azərbaycan öz milli maraqları əsasında və heç bir qonşu ölkənin milli maraqlarına zidd olmadan müstəqil xarici siyasət yürüdür.
Qonşularının çoxundan kiçik olan bir ölkə üçün xüsusi balans tapmaq və qonşuluğun üstünlüklərindən faydalanmaq çox vacibdir.
Çünki böyük qonşular böyük bazarlar deməkdir və bizim üçün ən yaxşı bazar qonşularımızın bazarıdır. Ona görə də hesab edirəm ki, qonşuluqda qarşılıqlı maraqlar, maraqların balanslaşdırılması, bir-birinin daxili işinə qarışmama və əməkdaşlığa praqmatik və praktiki yanaşma ölkəmizin uğurunun, daxili sabitliyin və gələcək üçün yaxşı perspektivlərin əsas səbəblərindən biridir”, – İlham Əliyev bəyan etdi.