Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə 7 nəfəri saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də satışına yardım göstərilməsi ittihamı ilə müxtəlif vaxtlarda 7 nəfəri saxlayıblar.
DİN-in məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin qanunsuz satışı sxemlərinə müxtəlif formalarda, o cümlədən qrup halında cəlb olunublar.
İstintaq tədbirləri çərçivəsində təqsirləndirilən şəxslərin üzərinə, yaşayış evlərinə və avtomobillərinə baxış zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən 352 bükümdə qablaşdırılmış “alfa-PVP”, “mefedron”, “metadon”, “klefedron”, “MDMA”, “qurudulmuş marixuana” və “tetrahidrokannabinol” maddi sübut kimi götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar da götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260⁴-cü maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.