Fransada etiraz aksiyaları yenidən başlayıb – səhər saatlarından etibarən bir neçə şəhərdə təhsil müəssisələrinin girişləri bağlanıb

15:47, 02.11.2026

Fransada şagirdlərin etiraz aksiyaları yenidən başlayıb. İki həftəlik tətil başa çatdıqdan sonra Parisdə Helen Buşe adına liseydə dərslər yenidən pozulub.

Səhər saatlarından etibarən şagirdlər təhsil müəssisəsinin girişini zibil konteynerləri ilə bağlayıblar.

Yayılan məlumata görə, blokadada ilkin mərhələdə təxminən 20 şagird iştirak edib.

Fransanın təhsil naziri Eduar Jefrenin sözlərinə görə, hazırda etiraz aksiyaları nisbətən kiçik miqyaslıdır. Nazir “France Inter” radiosunun efirində bildirib ki, təhsil müəssisələrinin blokadaya alınması əsasən Paris regionunda, Fransanın şimalında və Tuluza şəhərində qeydə alınır. Lakin o, blokadaya alınan məktəblərin dəqiq sayını açıqlamayıb.

Təhsil naziri etirazçılara şagirdlərə dərslərdə iştirak etmək imkanı yaratmağa çağırıb. Onun sözlərinə görə, etiraz etmək vətəndaşların hüququdur, lakin başqalarının məktəbə daxil olmasına mane olmaq qanunsuzdur. Jefre tədris prosesinin tam bərpasını hökumətin mütləq prioriteti adlandırıb.

Şagird və tələbə təşkilatları etiraz hərəkatını davam etdirməyi planlaşdırırlar. Onların çağırışına əsasən, təhsil müəssisələrinin blokadaya alınması noyabrın 3-də də davam etdirilməlidir.

Noyabrın 5-də də yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Həmin gün Fransada müxtəlif peşə birliklərinin etiraz aksiyaları elan edilib.

Oxşar