Florida ştatında özəl təyyarənin qəzaya uğraması ilə bağlı video görüntülər yayılıb
Florida ştatında özəl təyyarənin qəzaya uğramasını əks etdirən video görüntülər yayılıb.
Amerika mediasının məlumatına görə, uçuş məlumatlarının təhlili göstərir ki, təyyarə qəzaya uğramazdan bir neçə saniyə əvvəl saniyədə bir neçə yüz fut sürətlə aşağı enib. Aviaqəzadan bir neçə dəqiqə əvvəl pilot hava hərəkətinin idarə edilməsi xidmətinə təyyarənin dəqiqədə 10 min fut sürətlə hündürlük itirdiyini bildirib. Daha sonra o, fövqəladə vəziyyət elan edərək enmə sürətinin dəqiqədə 20 min futa çatdığını bildirib.
“Тəyyarə qəzaya uğrayacaq. Artıq vaxtımız yoxdur”, – BBC-nin yaydığı radio danışıqlarının səs yazısında pilotun bu sözləri eşidilir.
Təyyarənin göyərtəsində olan doqquz nəfərin hamısı hadisə yerində həlak olub. Hazırda təyyarədə kimlərin olduğu məlum deyil.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi hadisəni “dəhşətli faciə” adlandırıb. Onun sözlərinə görə, hadisə yerinə Federal Aviasiya Administrasiyasının qrupu göndəriləcək və həmin qrup Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının başlatdığı araşdırmaya qoşulacaq. Palm-Biç dairəsinin yanğınsöndürmə-xilasetmə xidməti hadisəni kütləvi tələfatla nəticələnən insident kimi qeydə alıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, aviaqəza səbəbindən yaxınlıqdakı yaşayış məntəqəsindən təxminən 600 nəfər təxliyə edilib. Təyyarənin düşməsi yerli infrastruktura, o cümlədən su kəmərlərinə ciddi ziyan vurub. Yolun bərpası və yenidən istifadəyə verilməsi ən azı 30 gün çəkəcək.
Hadisə Donald Trampın Mar-a-Laqo iqamətgahından təxminən 14 kilometr məsafədə baş verib. Donald Tramp aviaqəza baş verən gün səhər saatlarında Mar-a-Laqoda olub. Hadisədən təxminən bir saat əvvəl isə yaxınlıqdakı hava limanından prezident təyyarəsi Air Force One ilə yola düşüb.