“Euronews” – Gürcüstan, Azərbaycan, Bolqarıstan və Türkiyə arasında təmiz enerji sahəsində əldə olunan razılaşma Avropa İttifaqı ölkələrinə fosil yanacaqlardan asılılığı azaltmağa kömək edə bilər

18:34, 13.11.2026

Xəzər dənizi regionundan Şərqi Avropaya elektrik enerjisinin çatdırılması üçün yeni marşrut Avropa İttifaqı ölkələrinə fosil yanacaqlardan asılılığı azaltmağa kömək edə bilər. Bu barədə “Euronews” xəbər verir. Nəşr Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstanın birgə enerji layihəsinə diqqət çəkir.

“Euronews”un qiymətləndirməsinə görə, yeni enerji dəhlizi Şərqi Avropa ölkələrinə enerji təchizatı mənbələrini şaxələndirmək imkanı verəcək.

Dörd ölkə noyabrın 10-da Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Konfransı çərçivəsində təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd Xəzər dənizi regionunda külək və günəş enerjisi hesabına istehsal olunan elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazisindən keçməklə Bolqarıstan və digər Avropa ölkələrinin bazarlarına çatdırılmasını nəzərdə tutur.

“Euronews”un məlumatına görə, Antalya iqlim danışıqları çərçivəsində imzalanan saziş uzun illər davam edən konseptual planlaşdırmadan konkret infrastruktur öhdəliklərinə keçid deməkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün dörd ölkə elektrik şəbəkələrinin sinxronlaşdırılmış sistemini yaradır. Bu sistem ənənəvi logistika məhdudiyyətlərini aradan qaldırmalıdır. İnfrastruktur Cənubi Qafqaz və Türkiyə ərazisində mövcud olan yüksək gərginlikli yerüstü elektrik ötürücü xətlərinin genişləndirilməsi əsasında qurulacaq. Layihənin mühüm komponentlərindən biri də tranzit marşrutu boyunca fiber-optik rabitə infrastrukturunun paralel şəkildə inkişaf etdirilməsidir. Bu, elektrik enerjisinin təhlükəsiz və fasiləsiz ötürülməsini, eləcə də elektrik şəbəkəsinin müasir üsullarla idarə olunmasını təmin edəcək.

“Euronews”un qiymətləndirməsinə görə, Cənubi Qafqazın elektrik şəbəkəsinin Bolqarıstanla birbaşa əlaqələndirilməsi Avropa İttifaqının vahid elektrik enerjisi sisteminə enerji təchizatı üçün yeni və mühüm marşrut yaradacaq.

“Elektrik şəbəkələrinin modernləşdirilməsi ilə bağlı əhəmiyyətli maliyyə və texniki yükün dörd ölkənin iqtisadiyyatı arasında bölüşdürülməsi daha sistemli əməkdaşlıq mühiti yaradacaq. Çoxtərəfli koordinasiya beynəlxalq investorlar, özəl investisiya fondları və tikintinin növbəti mərhələlərini maliyyələşdirməsi gözlənilən inkişaf bankları üçün logistika risklərini azaldır”, – “Euronews”un məqaləsində qeyd olunur.

Oxşar