Donald Tramp – Aralıq seçkilərində demokratlar qalib gələrsə, Mister Veto ola bilərəm
ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərində demokratlar çoxluğu əldə edəcəkləri təqdirdə, vet hüququndan tez-tez istifadə etməli ola biləcəyini bildirib.
“Bəlkə də, Mister Veto olacağam. Onlar mənə qanun layihələri göndərəcəklər, mən isə onlara veto qoyacağam. Nəticədə, bir-iki ay ərzində hər şeyə veto qoyduqdan sonra bunun sadəcə vaxt itkisi olduğunu anlayacaqlar, gəlib razılığa nail olacaqlar”, – deyə Tramp bu gün tam versiyasının dərc olunacağı müsahibəsində bildirib.
“Bloomberg”in məlumatına görə, bu, Trampın öz partiyasının aralıq seçkilərdə məğlub ola biləcəyini açıq şəkildə etiraf etdiyi nadir hallardan biridir.
Müsahibənin digər bir hissəsində Tramp prezident seçkilərində yenidən namizəd olmaq imkanı olsaydı, bunun onu “çox sevindirəcəyini” bildirib. Bununla belə, o, Konstitusiyanın bu məsələ ilə bağlı “çox dəqiq” olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki dəfədən artıq seçilməsini qadağan edir. Aralıq seçkilər isə noyabrın 3-də keçiriləcək.