Dmitri Peskov – Əgər avropalıların danışıqlar aparmaq üçün müəyyən səlahiyyətlərə malik nümayəndəsi olarsa, biz danışıqlara hazır olacağıq
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya üçtərəfli danışıqların növbəti raundunun yaxın vaxtlarda keçiriləcəyini gözləyir. O bildirib ki, Avropa ölkələrinin Vladimir Putinlə dialoq aparmaq üçün səlahiyyətli nümayəndəsi olarsa və danışıqlara başlamaq istəyi ifadə edilərsə, Rusiya tərəfi buna hazırdır.
“Əgər avropalıların həqiqətən də müəyyən danışıqlar aparmaq səlahiyyətinə malik nümayəndəsi olarsa, əlbəttə ki, biz onlarla danışmağa hazır olacağıq”, – Peskov bildirib.
Kremlin sözçüsünün sözlərinə görə, Moskva Avropanın Ukraynada sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu gördükdən sonra danışıqların daha geniş formatda aparılması ilə bağlı qərar qəbul edə bilər.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti raundunun daha geniş formatda keçiriləcəyini və Avropa İttifaqının nümayəndələrinin də bu prosesə qoşulacağını bildirib.
Bununla yanaşı, Peskov NATO-nun hazırkı üzvlərinin, o cümlədən Finlandiyanın Alyansdan çıxması ilə bağlı heç bir təklifin irəli sürülmədiyini bildirib.
“Bu barədə məlumatım yoxdur. Xeyr, belə bir təklif olmayıb. Bu, ümumiyyətlə, müzakirə mövzusu deyil”, – Peskov NATO-nun hazırkı üzvlərinin, xüsusilə də Finlandiyanın Alyansdan çıxması ilə bağlı hər hansı təklifin irəli sürülüb-sürülmədiyi barədə jurnalistlərin sualını cavablandırarkən deyib.