Dmanisidə, Naqzauri monastır kompleksinin yaxınlığında erkən xristianlıq dövrünə aid daha bir yeni kilsənin qalıqları aşkar edilib

19:33, 13.11.2026

Dmanisi bələdiyyəsinin Qantiadi kəndi yaxınlığında, Naqzauri erkən xristianlıq dövrünə aid monastır kompleksində (V-VIII əsrlər) aparılan arxeoloji tədqiqatlar zamanı yeni abidə aşkar edilib. Kompleksin qərbində indiyədək məlum olmayan ibadətgahın qalıqları müəyyən edilib. Bu barədə Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, bu yeni tapıntı Kvemo Kartlinin erkən xristianlıq dövrü kilsə memarlığı və monastır həyatı tarixinin öyrənilməsi üçün əlavə imkanlar yaradır.

“Yeni aşkar edilmiş tikili irihəcmli daşlardan inşa olunub; divarlarının qalınlığı 1,5 metrə, günümüzədək gəlib çatan hündürlüyü isə 1,3 metrə çatır. Tədqiqatın hazırkı mərhələsində kilsənin əsas zalı və qurbangah hissəsi arxeoloji baxımdan öyrənilib. Kilsənin daxilində qorunub saxlanılmış memarlıq detalları – amvon və altar arakəsməsi taxçasının fraqmentləri xüsusi diqqət çəkir. Əsas zalın mərkəzində daş sütun altlığı aşkarlanıb ki, ehtimala görə, taxta dam konstruksiyası məhz bu sütuna söykənib. Döşəmə səviyyəsində kirəmit fraqmentinə də rast gəlinib və bu da tikilinin dam örtüyündə əsas material kimi kirəmitdən istifadə edildiyini göstərir.

Naqzauri kompleksi Kvemo Kartlinin mühüm arxeoloji abidələrindən biridir. Erkən orta əsrlər kilsələri sırasına daxil olan bu abidə Gürcüstanın digər qədim monastır kompleksləri ilə oxşarlıq təşkil edir; vahid qala divarı ilə əhatələnmiş ərazidə bir neçə kilsə, eləcə də təsərrüfat və yaşayış tikililəri yerləşib.

Naqzauri kompleksində arxeoloji işlər Gürcüstanın Mədəni İrsin Qorunması Milli Agentliyinin maliyyə dəstəyi ilə 2025-ci ildən etibarən aparılır”, – deyə məlumatda bildirilir.

Oxşar