Almaniya Federal hökuməti suverenlik və ərazi bütövlüyünə aid olan məsələlərdə Gürcüstanla birlikdə durur, – bu barədə məlumatı Almaniya Xarici İşlər Nazirliyi yayır.
“Avropa İttifaqında bizim müttəfiqlərimiz kimi, işğal olunmuş Abxaziyada, avqustun 25-də keçirilən üzdəniraq prezident seçkilərinin nə konstitusiya və nə də hüquqi çərçivəsini tanımırıq. Biz bu “seçkiləri” və onun nəticələrini qanunsuz hesab edirik”, – Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkiləri avqustun 25-də keçirildi. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparırdı, o cümlədən indiki prezident Raul Xacimba”. İkinci turda Raul Xacimba və Alxas Kvisiniya qarşılaşacaqlar. İşğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkilərinin ikinci turu sentyabrın 8-də keçiriləcək.