Aşıq Arif Dünyamalı oğlunun öz ifasında bir neçə şeiri

Aşıq Arif  Dünyamalı oğlu Xəlilov 1931-ci ilin oktyabr ayında Laqodexi rayonunun Qaracalar kəndində anadan olmuşdur.  Aşıq Arifin anası Hürü Məhəmməd qızı və atası Aşıq Dünyamalı Xəlil oğlu  XX əsrin əvvəllərində  müəyyən səbəblərə görə  Qabal Qaracalarına köc etmiş və 1950-ci ilə qədər orada yaşamışdır.

Aşıq Arif  sonralar Qardabani rayonunun Sərticala- Muğanlısı elində məskunlaşmış, ömrünün axırına kimi burada yaşamışdır. Özünəməxsus ifaçılıq bacarığına malik olan Aşıq Arif Borçalı-Qarayazı, Gəncə-Tovuz, Qaraçöp, Qazax-Şəki bölgələrində ağır məclislər yola verərək  məşhurlaşmışdı, ad-san qazanmışdı. Aşıq Arif Azərbaycan aşıqlarınının və Borçalı aşıqlarınının ifaçılıq xüsusiyyərlərini özündə əxz etdirərək bu sənətdə yeni cığır açmışdır. Aşıq Arif ilə  Aşıq Musa Qaraçöplü arasında xüsusi dostluq telləri mövcud olmuşdur. Ustad aşıq Musa aşıq Arifin əvəzsiz  çağlarında yüksək  qiymət verdiyi üçün o zaman toy şənliklərində  istedadlı cavan aşıqla-Aşıq Arif Dünyamalı oğlu ilə görünərdi, birgə məclislər yola verərdi.

Mənən özünü Aşıq Arifin şagirdi sayan, Sərticala-Miuğanlısı elinin daha bir söz  xiridarı  Xudaverdi Qasımlının etiraf etdiyinə görə,  Aşıq Arif  çalıb oxumaqda tayı-bərabəri olmayan ifaçı aşıq idi. Aşıq Arif  2011-ci ildə  dünyasını dəyişmişdir.

Gürcüstan radiosunda işləyən zaman ustad aşıq Arifi ziyarət etdim. Onun ifasında öz şeirlərini və dastanı lentə aldım. Ötən əsrin sonlarında lentə aldığım öz ifasında şeirləri poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu