Zaza Vaşağmadze Macarıstanın Baş Naziri Aparatının dövlət katibi ilə görüşüb
Zaza Vaşağmadze Macarıstanın Baş Naziri Aparatının dövlət katibi ilə görüşüb

 
Din Məsələləri üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Macarıstana səfəri başlayıb. Agentliyin sədri Zaza Vaşağmadze Macarıstanın Baş Naziri Aparatının dövlət katibi Mikloş Şoltis ilə görüşüb.

Din Məsələləri üzrə Dövlət Agentliyinin məlumatına əsasən, agentliyin sədri Mikloş Şoltisi Gürcüstanın dini tərkibi, dövlətin din siyasəti ilə tanış edib və Gürcüstan və Macarıstan arasında strateji tərəfdaşlığı vurğulayıb. Həmçinin, Din Agentliyin sədri Gürcüstanda dinlərə maliyyə dəstəyi, o cümlədən sovet totalitar rejimi dövründə dəymiş ziyanın qismən qarşılanması və simvolik tikililərin geri qaytarılması haqda danışıb. Bununla yanaşı, agentlik yanında dinlərarası şuranın rolunu və dini liderlər arasında tolerant və dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib.

Din Məsələləri üzrə Dövlət Agentliyinin məlumatına əsasən, Zaza Vaşağmadze Macarıstanın paytaxtı Budapeştdəki binanın gürcü diasporu və icması üçün gürcü ortodoks kilsəsinə verilməsi məsələsini də qaldırıb.

“Gürcüstanın işğal olunmuş ərazilərində əsas insan hüquq və azadlıqlarının, o cümlədən din və etiqad azadlığının pozulması faktları və işğalçı ölkə Rusiya tərəfindən etnik və dini ayrı-seçkilik ev sahiblərinin xüsusi diqqətini çəkib” – Din Məsələləri üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunub.

Zaza Vaşağmadze Macarıstanın Baş Naziri Aparatının dövlət katibini Gürcüstana dəvət edib.

Görüşün sonunda Din Agentliyinin nümayəndə heyəti Mikloş Şoltisə agentliyin nəşr etdirdiyi kitabları – “İşğal olunmuş irs”, “Gürcüstanda dinlər”, “2020-ci ilə olan vəziyyətə görə Tbilisidə fəaliyyət göstərən simvolik tikililər” və “2023-cü ilə olan vəziyyətə görə Gürcüstanda fəaliyyət göstərən simvolik tikililər”i təqdim edib.

Din Məsələləri üzrə Dövlət Agentliyində qeyd etdikləri kimi, tərəflər gələcək əməkdaşlıq üçün istəklərini və hazır olduqlarını bildiriblər.

Görüşdə Gürcüstanın Macarıstan və Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri Tamar Liluaşvili, səfirin birinci katibi Tamar Çxaidze, Din Agentliyinin Hüquqi Təminat Xidmətinin rəhbəri Davit Davitaşvili və Din Agentliyinin hüquqşünası Aleksandre Şeğiladze iştirak ediblər.