Yol təhlükəsizliyi üzrə yeni strategiya avtomobilin arxa oturacağında təhlükəsizlik kəmərindən istifadə üçün qanunvericilik bazasının hazırlanmasını nəzərdə tutur
Yol təhlükəsizliyi üzrə yeni strategiyada avtomobilin arxa oturacağında təhlükəsizlik kəmərindən istifadənin əhəmiyyətindən bəhs edilir.
Strategiyaya əsasən, avtomobilin arxa oturacağında təhlükəsizlik kəmərinin istifadəsi üçün qanunvericilik bazasının hazırlanması planlaşdırılır.
“Müasir yol təhlükəsizliyi kontekstində təhlükəsizlik kəmərlərindən istifadə olunması yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları və ağır xəsarətlərin qarşısının alınmasında əsas vasitələrdən biri hesab olunur.
Bununla yanaşı, tədqiqatlara əsasən, arxa oturacaqdakı sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi həm sərnişinlərin özləri, həm də ön oturacaqdakı şəxslərin həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır (Bose et al., 2013). Beləliklə, avtomobilin arxa oturacağında təhlükəsizlik kəmərlərindən istifadənin məcburi qaydasının tətbiqi və onun müvafiq qaydada tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, cəmiyyətdə təhlükəsizlik kəmərlərindən istifadə mədəniyyətinin yüksək səviyyəyə çatdırılması və davamlı istifadə göstəricisinin əldə olunması üçün dövlət tərəfindən kompleks addımların atılması zəruridir.
Beləliklə, yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq normativ bazanın formalaşdırılması və effektiv icra mexanizminin təmin edilməsi, digər tərəfdən isə əhalinin maarifləndirmə səviyyəsini artıracaq məqsədyönlü sosial kampaniyaların və təhsil təşəbbüslərinin praktiki icrası planlaşdırılır” – Yol Təhlükəsizliyinin 2026-2030-cu illər üzrə Milli Strategiyasında qeyd olunub.