“France 24” – Son iki gündə Fransada aksiyalar zamanı saxlanılan şəxslərin sayı 1 314 nəfərə yüksəlib
Fransada oktyabrın 24-25-də aksiyalar zamanı saxlanılan şəxslərin sayı 1 314 nəfərə yüksəlib. Bu barədə “France 24” Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yazır.
Rəsmi qurumun məlumatına görə, aksiyalar zamanı nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalarda 53 polis əməkdaşı xəsarət alıb. Bununla yanaşı, məlum olduğu kimi, oktyabrın 24-25-də keçirilən aksiyalar zamanı etiraz iştirakçıları ümumilikdə 24 mağazanı qarət ediblər, polis isə etiraz aksiyaları zamanı baş verən 75 yanğına müdaxilə edib.
AFP agentliyi Tuluza prefekturasına istinadən yazır ki, aksiya zamanı 20 yaşlı gənc əl nahiyəsindən ağır xəsarət alıb. Şəxslərdən biri isə mediaya yaralının sağ əlinin bir neçə barmağının ciddi zədələndiyini bildirib.
Medianın məlumatına görə, Puatye şəhərində etirazçılardan biri sol gözündən xəsarət alıb.
Məlumat üçün bildirək ki, 24-25 oktyabrda gecə saatlarında Fransanın bir neçə şəhərində miqyaslı etiraz aksiyaları keçirilib və bu zaman etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.