Yohan Vadepful – Rusiya hələ də təhlükəsizliyimiz üçün ekzistensial təhdid olaraq qalır, Kreml tərəfindən Kalininqradda yerləşdirilən raketlərin Berlinə çatması cəmi bir neçə dəqiqə çəkə bilərdi
Rusiyanın Kalininqradda yerləşdirdiyi “İsgəndər” tipli raketlərin Berlinə çatması üçün cəmi bir neçə dəqiqə kifayət edərdi. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadepful Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində tələbələrlə görüşü zamanı bildirib.
Çıxışı zamanı Vadepful Cənubi Afrikanı Rusiyaya münasibətdə fərqli yanaşma nümayiş etdirməyə çağırıb.
“Biz çox aydın görürük ki, Rusiya uzun illər ərzində bizi aldadıb və hələ də təhlükəsizliyimiz üçün ekzistensial təhdid olaraq qalır. Rusiyanın Kalininqradda yerləşdirdiyi “İsgəndər” tipli raketlərin Berlinə çatması üçün cəmi bir neçə dəqiqə lazım olardı. Bu, müasir Avropanın strateji reallığının bir hissəsidir”, – deyə Almaniyanın xarici işlər naziri bildirib.
Medianın məlumatına görə, Rusiyaya münasibət Almaniya ilə Cənubi Afrika arasındakı əlaqələrdə fikir ayrılığı yaradan məsələlərdən biridir.
Alman mediasının yazdığına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin beşinci ilində belə, Cənubi Afrika hələ də Rusiyanın Ukraynaya müdaxiləsini pisləmir. BRİKS təşkilatının qurucu ölkələrindən biri kimi, ölkə ənənəvi olaraq Moskva və Pekinlə sıx əlaqələri qoruyur.