Yerevanda Gürcüstan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyaların görüşü keçirilib
Noyabrın 6-da Ermənistanın paytaxtı Yerevanda Gürcüstanın Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumət Komissiyası ilə Ermənistan Respublikasının Dövlət Sərhədinin Demarkasiyası və Delimitasiyası üzrə Komissiyasının görüşü keçirilib. Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurum, görüşə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia və Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyanın həmsədrlik etdiyinə dair məlumat verir.
“Tərəflər komissiyaların fəaliyyətinin bir neçə ildən sonra bərpasını müsbət qiymətləndirib və dövlət sərhədinin delimitasiyası prosesinin Gürcüstan ilə Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıblar. Tərəflər prosesi dialoq və konstruktiv ruhda başa çatdırmaqda ortaq maraqlarını ifadə ediblər.
Görüş çərçivəsində tərəflər həmçinin hüquqi məsələlərlə bağlı, o cümlədən razılaşdırılmış protokollar və gələcəkdə prosesin daha səmərəli aparılmasına dəstək olacaq mümkün əlavə addımlar barədə fikir mübadiləsi aparıblar” – məlumatda qeyd olunub.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, tərəflər həmçinin delimitasiya prosesinin davam etdirilməsi və komissiyaların növbəti iş rejiminə dair məsələləri müzakirə ediblər.