Yens Stoltenberq - Vilnüs zirvə görüşü hələ başlamamış artıq tarixi sammitdir
Yens Stoltenberq - Vilnüs zirvə görüşü hələ başlamamış artıq tarixi sammitdir

 
Vilnüs zirvə görüşü hələ başlamamış artıq tarixi sammitdir – bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs zirvə görüşü başlamazdan əvvəl NATO-nun xalq diplomatiya forumunda çıxışı zamanı verib.

O, İsveçin NATO-ya üzv olacağını və bunun, həm İsveç, həm Türkiyə, həm də bütövlükdə alyans üçün yaxşı hal olduğunu bildirib.

“Ən mühüm mesaj ondan ibarətdir ki, Vilnüs zirvə görüşü tarixi oldu və bu, proses başlamazdan əvvəl baş verdi, çünki İsveç NATO-ya üzv olacaq. Bu, həm İsveç, həm Türkiyə, həm də bütövlükdə NATO üçün yaxşıdır. Bu, Baltikyanı region üçün çox yaxşıdır. Finlandiya və İsveçin alyansda olması NATO üçün Baltikyanı ölkələrin təhlükəsizliyini qorumaq vəzifəsini asanlaşdırır. Ona görə də bu, tarixi qərardır. Tarixi məqam və tarixi zirvə görüşü. Türkiyə daha əvvəl terrorla bağlı təhlükəsizlik məsələlərinə dair haqlı narahatlıqlarını dilə gətirib. İsveç və Finlandiyanı NATO-ya dəvət etmək barədə razılığa gəldiyimiz Madrid zirvə görüşündən sonra həm İsveç, həm də Finlandiya terrorla mübarizə üçün addımlar atıb. İsveç konstitusiyasına dəyişiklik edib, terrorla mübarizə qanunvericiliyini sərtləşdirib. Onlar İsveç və Türkiyə arasında kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmi yaradıblar. Və bu yaxınlarda İsveç məhkəməsi “Kürd Fəhlə Partiyası”nın üzvünün terrorizmin maliyyələşdirilməsinə yardım etməkdə təqsirli bilinməsi barədə qərar çıxarıb. Bunlar Madrid zirvə görüşündə əldə edilmiş razılaşmanın necə həyata keçirildiyinin nümunələridir. İsveçin qonşu ölkəsinin nümayəndəsi kimi mən onun NATO-ya üzvlüyünü təqdirə layiq addım olaraq görürəm və biz hamımız daha təhlükəsiz olacağıq”-deyə Stoltenberq açıqlayıb.

Türkiyənin İsveçin alyansa qoşulmasını dəstəkləmək qərarından sonra Türkiyənin ABŞ-dan F-16 qırıcılarını alacağını gözləyib-gözləməməsi barədə suala Stoltenberq cavab verib ki, bu, Vaşinqtonun verəcəyi qərardır və Türkiyə iqtidarının özü də bu iki mövzu arasında əlaqə görmədiyini deyib.

“NATO dəfələrlə bəyan edib ki, müttəfiqlər arasında silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməliyik. Biz Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı istənilən dialoqu alqışlayırıq, hərçənd bu, dünən imzalanan razılaşmanın bir hissəsi deyil” -deyə Stoltenberq açıqlayıb.

O, Türkiyə Prezidentinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu yaxın vaxtlarda təsdiq olunması üçün Türkiyənin qanunverici orqanına göndərəcəklərini dediyini söyləyib, lakin türk parlamentarilərinin bu sənədə nə zaman səs verəcəklərinin dəqiq vaxtı ona məlum deyil. Stoltenberq bildirib ki, ən vacibi odur ki, bu sənədin təsdiqi üçün şərt qoyulub və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası mütləq baş tutacaq.