Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq şam ağaclarının kəsilməsinə nəzarət sərtləşdirilir
Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq şam ağaclarının kəsilməsinə nəzarət sərtləşdirilir

 

Yeni ilin bayram günlərinin yaxınlaşması ilə paralel olaraq, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri iynəyarpaqlı bitkilərin əldə olunmasına və daşınmasına nəzarəti sərtləşdirirlər.

Milli Meşə Agentliyi bir daha əhalini təbii zənginliyi məhv etməməyə və süni şam ağacından istifadə etməyə çağırır.

“İynəyarpaqlı ağacların qanunsuz əldə olunması, daşınması və satış qaydasının pozulmasına görə, ilk dəfə 2000 lari məbləğində cərimə müəyyən edilir, əməlin təkrarlanması halında isə cinayət məsuliyyəti yaranır. Eyni zamanda, ətraf mühitə vurulmuş zərər hesablanacaq. Əgər zərərin miqdarı 1000 larini aşsa, şəxs barəsində cinayət işi açılacaq – cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə, külli miqdarda iynəyarpaqlı ağacların qanunsuz əldə olunması halında isə, ətraf mühitə vurulan zərər 3000 larini aşsa, cəza 5 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Aşkar edilən hər bir qanun pozuntusuna görə qanunvericiliklə müəyyən edilmiş sanksiyalar tətbiq olunacaq” – Milli Meşə Agentliyinin rəisi Kaxa Tsertsvadze qeyd edib.

İynəyarpaqlı ağac-bitkilərin qanuni şəkildə əldə edilməsi tingliklərdə, plantasiyalarda, həyətyanı sahələrdə, eləcə də idxal yolu ilə mümkündür. Qanuni şəkildə əldə olunmuş ağac-bitkilərin satışı halında, satıcı ağac-bitkiyə qanuni şəkildə malik olduğunu təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Əgər iynəyarpaqlı bitki özəl mülkiyyətdə olan torpaq sahəsində və ya süni şəkildə salınmış tinglikdə əldə edilibsə, bitkilərin daşınması üçün mənşə haqqında arayışın olması məcburidir, bu arayışı yerli munisipalitetin meriyası verəcək.