Yeni il gecəsi Amsterdamda tarixi Vondelkerk kilsəsi yanğın nəticəsində demək olar ki, tamamilə məhv olub
Yeni il gecəsi Amsterdamın mərkəzində baş verən yanğın tarixi Vondelkerk kilsəsini demək olar ki, tamamilə dağıdıb.
Yerli medianın məlumatına görə, yanğın təxminən saat 01:00-da məbədin qülləsində başlayıb.
İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.
Medianın bildirdiyinə görə, kilsənin yaxınlığında yerləşən onlarla yaşayış binasından sakinlər təxliyə edilib.
Xilasedicilər binanın uçması təhlükəsini də istisna etmirdilər, lakin səhər saatlarında təhlükəsizlik xidmətində bildirilib ki, artıq uçma təhlükəsi yoxdur və kilsənin divarları qorunub saxlanılıb.
Bununla belə, saat 09:00-a olan məlumata görə, yanğınsöndürənlər hələ də ayrı-ayrı yanğın ocaqlarını qeydə alırdılar.
Medianın məlumatına görə, təxliyə edilmiş sakinlərin gün ərzində öz evlərinə qayıtması gözlənilir.
Yanğının səbəbi hələlik məlum deyil.
Yerli sakinlərin sözlərinə görə, kilsənin qülləsinə pirotexnika düşüb, lakin yanğınsöndürənlər bunu təsdiqləmirlər.
Kilsə XIX əsrin sonlarında layihələndirilib və 1977-ci ilə qədər katolik məbədi kimi fəaliyyət göstərib. Hazırda milli abidə statusuna malikdir və xüsusi tədbirlərin, eləcə də Liberty Church icmasının bazar günü ibadətlərinin keçirilməsi üçün istifadə olunurdu.