Yeni gürcü pasportu və şəxsiyyət vəsiqəsi təhlükəsiz sənədlərin beynəlxalq müsabiqəsinin qalibidir
Gürcüstanın yeni biometrik pasportu və elektron şəxsiyyət vəsiqəsi müasir standartlara, yüksək təhlükəsizliyə, seçilən və təkmilləşdirilmiş dizayna malik sənədlər kimi beynəlxalq müsabiqədə qalib gəlib.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatına əsasən, Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin 2025-ci ildə verməyə başladığı yeni biometrik pasport və elektron şəxsiyyət vəsiqəsi təhlükəsiz sənəd texnologiyaları üzrə regional forum — “High Security Printing EMEA 2026” çərçivəsində keçirilən müsabiqədə “Ən yaxşı sənədlər seriyası” nominasiyası üzrə təqdim olunub.
Mükafatlandırma mərasimində mükafat Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin sədri Rusudan Koxodzeyə təqdim edilib.
Təhlükəsiz sənəd texnologiyaları üzrə illik regional forum Britaniyanın “Reconnaissance International” şirkətinin təşkilatçılığı ilə Mərakeş Krallığının paytaxtı Rabatda keçirilib. Tədbirdə 50-yə qədər ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndələri: Vətəndaş Reyestri Departamentinin direktor müavini Tamta Petviaşvili və yeni nəsil identifikasiya sənədləri layihəsinin meneceri Natalia Qoqelaşvili forumda məruzə ilə çıxış ediblər və tədbir iştirakçılarına yeni gürcü sənədlərinin dizaynını və xüsusiyyətlərini təqdim ediblər.
Yeni nəsil identifikasiya sənədlərinin – Gürcüstan vətəndaşının biometrik pasportu və elektron şəxsiyyət vəsiqəsinin təhlükəsizliyi müasir təhlükəsizlik xüsusiyyətləri ilə daha da gücləndirilib, dizayn isə milli mövzu ilə zənginləşdirilib.