Yeni beynəlxalq investor, Amerika şirkəti "Aspect Georgia LLC" Gürcüstanın neft və qaz kəşfiyyatı-hasilatı sektorunda fəaliyyətə başlayacaq
Yeni beynəlxalq investor, Amerika şirkəti "Aspect Georgia LLC" Gürcüstanın neft və qaz kəşfiyyatı-hasilatı sektorunda fəaliyyətə başlayacaq

 

Gürcüstanın neft və qaz kəşfiyyatı-hasilatı sektoruna kəşfiyyat-hasilat işlərinin planlaşdırılması və həyata keçirilməsinə 70 milyon ABŞ dolları sərmayə qoyacaq yeni beynəlxalq investor – “Aspect Georgia LLC” daxil olub – məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Onların məlumatına əsasən, şirkət Şərqi Gürcüstanda XIQ lisenziya sahəsində lisenziya ilə nəzərdə tutulan işləri həyata keçirən investorlar qrupuna qoşulub.

“Aspect Georgia LLC”yə üç podratçı şirkətin – “Georgia Oil and Gas Limited”, SC “Gürcüstanın Neft və Qaz Korporasiyası”nın və “GOG SLADS Limited”in birgə layihəsinin payı veriləcək. Qeyd olunan podratçılar arasında XIQ lisenziya sahəsi üzrə “Məhsulun Pay Bölgüsü Sazişi” Dövlət Neft və Qaz Agentliyi tərəfindən keçirilən açıq beynəlxalq tender nəticəsində 2021-ci ilin dekabrın 23-də imzalanıb.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin publik-hüquqi şəxs “Dövlət Neft və Qaz Agentliyi”, mövcud podratçı şirkətlər – “Georgia Oil and Gas Limited (GOGL), SC “Gürcüstanın Neft və Qaz Korporasiyası”, “GOG SLADS Limited” və yeni investor – “Aspect Georgia LLC” müqaviləyə edilən düzəlişi imzalayıblar. İmza mərasimində iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze iştirak edib.

“Aspect Georgia LLC” ABŞ-nin Kolorado ştatında qeydiyyatdan keçib və Amerika neft hasilatı qrupu – “Aspect Holding LLC”yə bağlı şirkətdir. “Aspect Holding LLC” mürəkkəb geoloji strukturlara malik yataqlar da daxil olmaqla, neft və təbii qaz kəşfiyyatı və hasilatı fəaliyyətində uzun illər uğurlu təcrübəyə malikdir. Şirkət ABŞ, Mərkəzi Avropa, Latın Amerikası və Yaxın Şərqdə fəaliyyət göstərir.