Yəmənli husilərin “Ansar Allah” hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib

17:43, 20.07.2026

 

Yəmənli husilərin “Ansar Allah” hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib. Bu barədə hərəkatın hərbi nümayəndəsi Yahya Saria bildirib.

“Yəmən Silahlı Qüvvələri “blokadaya cavab olaraq blokada” prinsipi ilə Səudiyyə Ərəbistanı üçün dəniz gediş-gəlişinə qadağa elan edir. Qərar bu bəyanatın dərc edildiyi andan qüvvəyə minir” – Saria bildirib.

Bəyanatda vurğulanır ki, hərəkat Səudiyyə Ərəbistanının əməllərinə cavab olaraq “hərtərəfli eskalasiya” həyata keçirmək hüququnu özündə saxlayır.

“Yəmən Silahlı Qüvvələri hadisələrin inkişafının istənilən ssenarisinə tam hazır olduqlarını təsdiqləyir. Əgər Səudiyyə Ərəbistanı gərginliyi artırmaq yolunu seçərsə və hər hansı düşünülməmiş addım atarsa, cavab sərt olacaq” – bəyanatda deyilir.

Bununla yanaşı, husilər tərəfdarlarını ümumi səfərbərliyi davam etdirməyə çağırıblar.

Məlumat üçün bildirək ki, keçən həftə husilər Səudiyyə Ərəbistanını onların nəzarətində olan hava limanını bombardman etməkdə ittiham ediblər və krallıq istiqamətində raketlər buraxıblar. Bununla da Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husi qruplaşması arasında davam edən münaqişədə dördillik atəşkəs faktiki olaraq sona çatıb.

Oxşar