Yəmənli “Husi”lər Qırmızı dənizdə Səudiyyə Ərəbistanının hərbi gəmilərinə hücum ediblər

18:57, 17.08.2026

 

Yəmənli “Husi”lər Qırmızı dənizdə Səudiyyə Ərəbistanının hərbi gəmilərinə hücum ediblər. Qruplaşmanın bəyanatına əsasən, onlar ballistik raketlərlə Qırmızı dənizdə yerləşdirilmiş Səudiyyə Ərəbistanının bir hərbi gəmisinə və dörd müşayiətçi gəmisinə zərbə endiriblər.

Qruplaşmanın mətbuat katibi Yəhya Sari gəmilərin Yəmənin Moxa liman şəhəri sahillərində vurulduğunu bildirib. O, qruplaşmanın gələcəkdə Səudiyyə Ərəbistanına hücumlarını davam etdirəcəyini bildirib.

Medianın məlumatına əsasən, “Husi”lər ötən həftə sonu da Səudiyyə Ərəbistanındakı strateji obyektlərə və infrastruktura hücum etməyə cəhd ediblər.

Eyni zamanda, ölkənin bir hissəsinə nəzarət edən Yəmən hakimiyyəti, silahlı qüvvələrinin son 24 saat ərzində “Husi”lərin hədəflərinə təxminən 200 hücum həyata keçirdiyini bəyan edir.

Məlumat üçün bildirək ki, “Husi”lər ölkənin şimal hissəsinə nəzarət edən Yəmən qruplaşmasıdır. “Husi”lər özlərini Ənsar Allah adlandırırlar və İranla sıx əlaqələrə malikdirlər. Qruplaşma son illərdə Qırmızı dənizdə üzən gəmilərə tez-tez hücum edir.

Oxşar