Yəmənli “Husi”lər Ər-Riyadda Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə hücum etdiklərini bəyan edirlər
Yəmənli “Husi”lər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə hücum etdiklərini bəyan ediblər. Məlumatı “Euronews” yayır.
Hələlik Səudiyyə Ərəbistanı “Husi”lərin zərbəsi ilə bağlı məlumatı rəsmi olaraq təsdiqləməyib. Lakin şahidlər Səudiyyə Ərəbistanının paytaxtında bir neçə partlayış səsinin eşidildiyinə dair məlumat verirlər.
Məlum olub ki, diplomatlara səfirliklərdəki sığınacaqlarda qalmaları barədə təlimat verilib.
Şahidlər, beynəlxalq məktəblərin də təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildiriblər.
Səudiyyə Ərəbistanının məlumatına əsasən, daha əvvəl bu hava limanına dronla edilən hücum nəticəsində bir nəfər həyatını itirib. Abha şəhərində yerləşən hava limanına endirilən zərbə nəticəsində daha iki nəfər həyatını itirib. Qeyd olunan hava limanında təyyarə reyslərinə yaranan maneə artıq ikinci gündür davam edir. Abha hava limanına hücum nəticəsində Mərakeş və Əlcəzair vətəndaşları həlak olublar, daha 28 nəfər yaralanıb. Kral Xalid Hava Limanına hücum nəticəsində isə Sudan vətəndaşı həlak olub, səkkiz nəfər isə xəsarət alıb.
Rəsmi şəxslər Səudiyyə Ərəbistanındakı iki beynəlxalq hava limanına edilən hücumlara görə məsuliyyət daşıyan tərəfin adını çəkməyiblər.
“Euronews”un yazdığı kimi, rəsmi olaraq “Ansar Allah” adı ilə tanınan qrup son günlərdə Səudiyyə Ərəbistanının hava limanlarına bir çox hücumlar etdiyini bəyan edib. Həmçinin Krallığın kritik infrastrukturu və hərbi obyektlərinə raket zərbələri endirilib.
“Euronews” xəbər verir ki, Səudiyyə Ərəbistanının obyektlərinə hücumlar Hörmüz boğazına alternativ olan mühüm dəniz marşrutlarını təhlükə altına qoyur.
Məlumat üçün bildirək ki, “Husi”lərin hücumları Səudiyyə Ərəbistanı və Yəmən hökumət qüvvələrinin, qruplaşmanın bir ay əvvəl Yəmənin qərbində, Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı yaxınlığında ələ keçirdiyi əraziləri geri qaytarmaq üçün genişmiqyaslı quru və hava əməliyyatına başlamasından sonra kəskinləşib.