Yəmənin hökumət təlim düşərgəsinə “Husi” qruplaşmasının hücumu nəticəsində 58 nəfər həlak olub

12:31, 20.10.2026

 

Yəmənin hökumət təlim düşərgəsinə “Husi” qruplaşmasının hücumu nəticəsində 58 nəfər həlak olub.

Qubernator Avad al-Vazirin məlumatına əsasən, hücum Yəmənin Şəbvə əyalətində Al-Alam düşərgəsində baş verib.

O, hücumlar nəticəsində 200-dən çox insanın yaralandığını, daha 14 nəfərin itkin düşmüş hesab olunduğunu bildirib.

Bununla yanaşı, “Reuters” öz mənbələrinə istinadən yazır ki, “Husi”lər düşərgə istiqamətində üç ballistik raket atıblar. Hücumu “Husi” üsyançıları da təsdiqləyirlər.

Onların hərbi sözçüsü Yahya Sarinin sözlərinə əsasən, qruplaşma təlim düşərgəsini Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən idarə olunduğu üçün bombalayıb.

Məlumat üçün bildirək ki, Yəməndə müharibə 2014-cü ildə, İranın müttəfiqi olan “Husi”lərin paytaxt Sənanı ələ keçirməsi ilə başlayıb. Nəticədə hökumət ölkənin yalnız bir hissəsinə nəzarət edir. Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini Səudiyyə Ərəbistanı dəstəkləyir.

Oxşar