Yəməndə qayığın batması nəticəsində 60-dan çox miqrant həlak olub. Bu haqda “BBC” yazır.
Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Yəmən ofisinin rəhbəri, hadisənin əlverişsiz hava şəraiti səbəbindən ölkənin cənubunda Abyan əyalətində baş verdiyini deyib. O, 12 nəfəri xilas etdiklərini və onlarla insanın hələ də itkin düşmüş hesab edildiyini bildirib.
Göyərtədə olan 150 nəfərdən əksəriyyəti Efiopiya vətəndaşıdır. Medianın məlumatına əsasən, miqrantlar Fars körfəzi ölkələrində iş tapmaq üçün tez-tez Bab əl-Məndəb boğazından keçirlər. Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatı Somali yarımadasından Yəmənə gedən yolu “dünyada ən təhlükəli miqrasiya yollarından biri” adlandırır. Onların qiymətləndirmələrinə əsasən, son aylar ərzində qayıqların batması nəticəsində yüzlərlə insan həlak olub və ya itkin düşüb.