Yəməndə Ədən şəhərində prezident sarayına “Husi”lərin raket hücumu nəticəsində iki nəfər həlak olub
Cənubi Yəməndə liman şəhəri olan Ədəndə prezident sarayına “Husi”lərin raket hücumu nəticəsində mühafizə xidmətinin iki əməkdaşı həlak olub.
Yəmənin informasiya naziri Moammar al-Eryani “BBC”yə bildirib ki, Al-Maaşik sarayına beş ballistik raket dəyib. O, hücum nəticəsində baş nazir və digər siyasətçilərin xəsarət almadıqlarını bildirib.
“Husi”lərin mediasının məlumatına əsasən, qruplaşma “Səudiyyəli zabitlərin rəhbərliyi ilə idarə olunan hərbi əməliyyatlar qərargahı”nı, eləcə də silah anbarlarını bombalayıb.
Məlumat üçün bildirək ki, İranın müttəfiqi olan yəmənli “Husi”lər artıq bir həftədən çoxdur Səudiyyə Ərəbistanının mühüm obyektlərinə ballistik raketlər və dronlarla hücum edirlər. Səudiyyə Ərəbistanı paytaxtının beynəlxalq hava limanına dörd hücum həyata keçirilib. Bu, son onillik ərzində Səudiyyə Ərəbistanında ballistik raketlə həyata keçirilən ən miqyaslı hücum olub. Hadisədən sonra ölkə miqyasında uçuşlarda gecikmələr yaşanıb.