Yəmən hərbi qüvvələri “Yəmənin şəfəqi” əməliyyatı çərçivəsində ölkənin paytaxtı Sənaya hücuma başlayıb

15:53, 05.10.2026

Yəmən hərbi qüvvələri “Yəmənin şəfəqi” əməliyyatı çərçivəsində ölkənin paytaxtı Sənaya hücuma başlayıb. Sənaya şiə “Husilər” nəzarət edir.

Yəmən Prezident Rəhbərlik Şurasının rəhbəri Rəşad əl-Əlimi bildirib ki, əməliyyatın məqsədi nəzarət altında qalan ərazilərin geri qaytarılması və ölkə ərazisində dövlət hakimiyyətinin bərpasıdır. Yayılan məlumata görə, silahlı qüvvələr qabaqcıl imkanlardan istifadə edir.

Əməliyyatın başlanmasından əvvəl Yəmən hökumət qüvvələrinin irəliləyişi olub. Hərbi mənbələrin məlumatına görə, “Nəhənglər briqadaları” və “Millətin Qalxanı” qüvvələri strateji əhəmiyyətli Bab-əl-Məndəb boğazına baxan Dubab rayonunda “Husilər”in mövqelərinə hücum edib.

Yayılan məlumata görə, “Millətin Qalxanı” qüvvələri və “Nəhənglər briqadaları” xalq müqaviməti qüvvələrinin dəstəyi ilə Dubab rayonunu və Bab-əl-Məndəb boğazının ətrafındakı strateji mövqeləri azad edib.

Bu gün səhər Yəmən hərbi qüvvələri “Husilər”in mövqelərinə genişmiqyaslı zərbələr endirdiklərini açıqlayıb. Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Macid əl-Nuzeyli bildirib ki, onların qüvvələri “Husilər”ə məxsus artilleriya və raket qurğularının mövqelərinə, müdafiə istehkamlarına, giriş və möhkəmləndirmə yollarına, təchizat xətlərinə və logistika vasitələrinə, həmçinin əlavə döyüş qüvvələrinə qarşı 1 000-dən çox zərbə endirib.

Oxşar