Yayın isti günləri ilə əlaqədar Xəstəliklərə Nəzarət Milli Mərkəzi vətəndaşlara tövsiyələrlə müraciət edir
Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, yayın isti günləri ilə əlaqədar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi vətəndaşlara tövsiyələrlə müraciət edir.
Mərkəzin məlumatına əsasən, yüksək temperatur zamanı günün ən isti saatlarında küçədə hərəkət etməkdən çəkinmək məqsədəuyğundur.
“Mütəxəssislər əhalini kifayət qədər su qəbul etməyə çağırır, spirtli, şirin və tərkibində kofein olan içkilərdən uzaq durmağı tövsiyə edirlər. Həmçinin, yüksək intensivlikli fiziki aktivlikdən çəkinmək və onu günün nisbətən sərin vaxtlarına – səhər saatlarına keçirmək tövsiyə olunur. Xəstəliklərə Nəzarət Mərkəzi valideynlərə və ev heyvanlarının sahiblərinə xəbərdarlıq edir ki, uşaqları və heyvanları dayanmış avtomobildə saxlamaq yolverilməzdir, çünki yüksək temperatur onların sağlamlığına və həyatına ciddi təhlükə yaradır. Küçəyə çıxarkən açıq rəngli, bol və təbii parçadan olan geyimlər geyinmək, həmçinin papaq, çətir və günəşdən qoruyan eynəkdən istifadə etmək tövsiyə olunur. Yaşayış məkanında isə sərinliyi qoruyub saxlamaq, otaqları isə gecə və səhər saatlarında havalandırmaq vacibdir.
İsti dalğaları və yüksək temperatur ictimai sağlamlıq üçün əsas çağırışlardan biri olaraq qalır. İqlim dəyişikliyi fonunda Gürcüstanda da yüksək temperatur epizodlarının tezliyi və müddəti artır, bu da temperatura həssas xəstəliklərin yayılmasına, eləcə də xroniki yoluxucu olmayan xəstəliklərin kəskinləşməsinə şərait yaradır” – Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.