Yaroslav Kaçinskinin bəyanatından sonra Donald Tusk polşalılara müraciət edib – “Ya siz onları parlamentdən çıxaracaqsınız, ya da onlar bizi Avropa İttifaqından çıxaracaqlar”
Ya siz bir ildən sonra onları parlamentdən çıxaracaqsınız, ya da onlar bizi Avropa İttifaqından çıxaracaqlar — Polşanın Baş naziri Donald Tusk bu bəyanatla polşalılara müraciət edib.
Tusk Polşa mediasında yayılan müxalifət partiyasının “Qanun və Ədalət”in lideri Yaroslav Kaçinskinin Avropa İttifaqında köklü dəyişikliklərin zəruriliyindən bəhs etdiyi və Avropa İttifaqından çıxmaqla bağlı danışıqları istisna etmədiyi bəyanatına münasibət bildirib.
Polşanın Baş nazirinin polşalılara müraciətində qeyd etdiyi kimi, 2027-ci ilin parlament seçkilərində ya xalq bu siyasi qüvvəni parlamentdən uzaqlaşdıracaq, ya da bu qüvvə özü Polşanı Avropa İttifaqından çıxaracaq.
Qeyd olunan bəyanatı “Birləşmiş Krallığın İslahatlar Partiyası”nın lideri Naicel Faraci tənqid edərək Polşada vəziyyətin “çox ciddi” olduğunu qeyd edib.
“Polşada vəziyyət çox ciddidir. Həbslər və Konstitusiya Məhkəməsinə təzyiqlər – hər şey antidemokratik Avropa İttifaqını qorumaq naminə” — Naicel Faraci yazır.
Polşanın Baş nazirinin müraciətini həmçinin Böyük Britaniyanın sabiq baş naziri Liz Tras tənqid edib.
“Bu, Polşada demokratiyaya qarşı şokedici hücumdur“ – Liz Tras sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, Yaroslav Kaçinskinin Avropa İttifaqı ilə bağlı bəyanatının mediada dərc olunması və baş nazir Donald Tuskun reaksiyasından sonra “Qanun və Ədalət”in lideri öz bəyanatına aydınlıq gətirib. O, Polşanın Avropa İttifaqından çıxmasını deyil, qurumda köklü şəkildə islahat aparılmasını tələb etdiyini qeyd edib.
“Donald Tuskun Avropa Şurasının prezidenti vəzifəsini tutduğu dövrdə özünün də faydalandığı sistemi müdafiə etməsi təəccüblü deyil. Biz Avropa İttifaqının yalnız elitalara deyil, ilk növbədə sıravi vətəndaşlara fayda verməsini istəyirik. Məhz buna görə mən Avropa İttifaqının köklü islahatını tələb edirəm” — Kaçinski bəyan edib.