Yaralı hərbçilərə dəstək məqsədilə xeyriyyə marafonu keçirilib
Yaralı hərbçilərə dəstək məqsədilə xeyriyyə marafonu keçirilib

Lisi gölündə yaralı hərbçilərə dəstək məqsədilə xeyriyyə marafonu təşkil olunub. Qaçışda Müdafiə Nazirliyinin hərbi və mülki şəxsləri, yaralı hərbçilər, diplomatik korpusun və könüllü təşkilatların nümayəndələri iştirak ediblər. Marafona həmçinin hərbçilərin ailə üzvləri və sıravi vətəndaşlar da qoşulublar.

Müdafiə Nazirliyinin məlumatına görə, marafonun startı verilməzdən əvvəl Müdafiə Qüvvələrinin orkestri Gürcüstan dövlət himnini ifa edib. Tədbirdə müdafiə nazirinin birinci müavini Paatа Patiashvili və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Chichinadze iştirak ediblər. Müdafiə Qüvvələrinin komandanının müavini çıxış edərək iştirakçılara və təşkilatçılara yaralı hərbçilərə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Xeyriyyə qaçışının iştirakçıları müxtəlif çətinlik dərəcəsinə malik 3, 5 və 13 kilometrlik məsafələri qət ediblər. Marafonun qaliblərinə mükafatlar və sertifikatlar təqdim olunub. Qaçışda iştirak edən yaralı hərbçilər isə xatirə hədiyyələri ilə təltif olunublar.

Xeyriyyə marafonu ilə paralel olaraq, Lisi gölü ərazisində müdafiə könüllü təşkilatları arasında daxili yarış keçirilib. Keçici kuboku “General Mazniashvilinin adını daşıyan Gənclər Legionu”nun nümayəndələri qazanıblar.

Xeyriyyə tədbiri Gürcüstan Müdafiə Nazirliyinin, hərbi attaşelər assosiasiyasının və Yaralı Döyüşçülərə Dəstək Fondunun təşəbbüsü ilə hər il keçirilir.

Marafon nəticəsində toplanan vəsait tamamilə Yaralı Döyüşçülərə Dəstək Fonduna köçürüləcək.