Yaponiyanın Hökumət Ekspertlər Qrupu “Xarici Agentlərin Qeydiyyatı Sistemi”nin tətbiqini müzakirə etməyə başlayıb
Yaponiyanın Hökumət Ekspertlər Qrupu “Xarici Agentlərin Qeydiyyatı Sistemi”nin tətbiqini müzakirə etməyə başlayıb. Bu sistem ölkə tərəfindən casusluq əleyhinə qanunvericiliyin işlənib hazırlanmasının ilk mərhələsidir. Bu barədə məlumatı yapon mediası yayır.
Sistemə əsasən, Yaponiyada xarici hökumətlərin tapşırığı ilə və ya onlar ilə bağlanmış müqavilələr əsasında lobbiçilik fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və təşkilatlar Yaponiya hökumətində qeydiyyatdan keçməyə borclu olacaqlar.
Medianın yazdığı kimi, Tokio bu addımla oxşar fəaliyyətlərin şəffaflığını yaxşılaşdırmağa ümid edir.
Yayılan məlumata əsasən, hökumət Milli Kəşfiyyat Strategiyasının işlənib hazırlanmasına, ola bilsin ki, cari büdcə ilindəcə başlasın. O vaxta qədər ekspertlər paneli qeydiyyat sistemi ilə bağlı təkliflər hazırlayacaq. Hökumət müvafiq qanun layihəsini gələn ilin parlament sessiyasında təqdim edəcəyinə ümid edir.
Yaponiya Milli Polis Agentliyinin nümayəndəsinin bəyanatına əsasən, qərəzli niyyətlə törədilən əməllərə görə cəzaların müəyyən edilməsi mütləqdir.
“Son illərdə siyasi və inzibati proseslərə təsir göstərmək məqsədilə həyata keçirilən fəaliyyətlər artıb, buna görə də qanunvericilik bizə mümkün qədər tez lazımdır” – nümayəndə bildirib.
Görüşdə hökumət Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniya, Fransa və digər ölkələrdə qüvvədə olan “Xarici Agentlərin Qeydiyyatı” kimi oxşar hüquqi sistemlərin nümunələrini təqdim edib.