Yanvarın 22-si Türkiyədə matəm günü elan edilib

21:10, 21.01.2025

 
Dağ-xizək kurortunda baş vermiş faciə ilə əlaqədar yanvarın 22-si Türkiyədə matəm günü elan edilib. Bu haqda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlayıb.

Prezident faciəvi hadisəyə görə məsuliyyət daşıyan hər kəsin cəzalandırılacağını bildirib.

Ərdoğan hər kəsi zərər çəkmiş vətəndaşlarla həmrəy olmağa çağırıb, o cümlədən siyasətçilər, media və yerli hökumət nümayəndələrini.

Bu gün Türkiyədə Kartalkaya dağ-xizək kurortunda mehmanxanalardan birində yanğın baş verib. Bu vaxta olan məlumata əsasən, dağ-xizək kurortunda yanğında 66 nəfər həyatını itirib, 51 nəfər xəsarət alıb. Kartalkaya dağ-xizək kurortu İstanbulun 270 kilometrliyində yerləşir.

Mehmanxana dağın yamacı yaxınlığında yerləşir, buna görə də fövqəladə hallar xidmətlərinə yanğının söndürülməsində və xilasetmə əməliyyatının aparılmasında çətinlik yaradıb. Qonaqlar yanan mehmanxananın pəncərələrindən qaçmağa çalışıblar.

Oxşar