Xviça Kvaratsxeliya “Pari Sen-Jermen”lə birlikdə Çempionlar Liqasının qalibi oldu #1TVSPORT
Xviça Kvaratsxeliya Çempionlar Liqasının finalında Milanın “İnter” klubuna qarşı qol vurdu, PSJ-nin inamlı qələbəsində (5:0) mühüm rol oynadı və tarix yazdı — o, Kaxa Kaladzədən sonra Avropanın ən nüfuzlu klub turnirini qazanan ikinci gürcü futbolçu oldu və eyni zamanda, finalda qol vuran ilk gürcü futbolçu kimi tarixə düşdü.
24 mayda keçirilən Fransa Kubokunun finalından əvvəl Kvaratsxeliya özünü pis hiss etdiyi üçün matçı buraxsa da, PSJ-nin baş məşqçisi Luis Enrike ona əsas heyətdə yer verdi.
Final matçı PSJ üçün mükəmməl başladı – hücumu məhz Kvaratsxeliya başladı, onu Fabian Ruis və Vitinya davam etdirdi, Desire Due isə ötürmə ilə 12-ci dəqiqədə Əşrəf Hakimini qolla təmin etdi və Paris təmsilçisini önə keçirdi.
18-ci dəqiqədə Kvaratsxeliya özü də qol vurmağa cəhd etdi – sürətli əks-hücum zamanı qapıya zərbə endirdi, lakin top az fərqlə qapıdan yayındı. Qısa müddət sonra PSJ hesab fərqini iki topa çatdırdı. Bu qolun epizodunda da Kvaratsxeliya seçildi – əks-hücumu yenə o başladı və sonda Usman Dembelenin ötürməsini Desire Due qolla tamamladı.
Taymın sonuna yaxın Kvaratsxeliya iki dəfə qapıya zərbə endirdi və “İnter”in qapıçısı Zommeri narahat etdi, lakin qol vurmaq ona nəsib olmadı.
Fasilədən sonra “İnter” hücumlarını gücləndirsə də, oyunun nəzarəti yenə də fransızların əlində idi. İkinci hissənin əvvəlində Kvaratsxeliya sol cinahdan iki dəfə qapıya zərbə endirdi, lakin hər ikisində top qapıdan yan keçdi.
Hər şey 63-cü dəqiqədə həll olundu — sürətli əks-hücum zamanı matçın qəhrəmanına çevrilən Desire Due dubl etdi və hesabı 3:0-a çatdırdı. Bu vəziyyətdə “İnter”in oyunu xilas etmə şansı demək olar ki, qalmadı.
Daha sonra isə Kvaratsxeliya “İnter”in qapısından topu keçirə bildi – Usman Dembelenin ötürməsi ilə qapıçı ilə üzbəüz qaldı və hesabı 4:0 etdi. Bu, Çempionlar Liqası finalı tarixində vurulmuş ilk “gürcü” qoludur.
87-ci dəqiqədə “İnter”in qapısına beşinci qolu isə oyuna sonradan daxil olmuş Semmi Mayulu vurdu və qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi.
Qeyd edilməlidir ki, Xviça Kvaratsxeliya Çempionlar Liqasının finalında, təkcə öz adından yox, həm də simvolik olaraq “Qafqaz derbisində” Henrik Mxitaryanı məğlub etdi. Ermən futbolçu uzun illər Qafqazın ən uğurlu oyunçularından biri hesab olunurdu, karyerası ərzində Avropa Liqasını (“Mançester Yunayted”lə) və Konfrans Liqasını (“Roma” ilə) qazansa da, klub futbolunun ən nüfuzlu titulu – Çempionlar Liqası onun üçün əlçatmaz olaraq qaldı.
“Pari Sen-Jermen” isə tarixində ilk dəfə olaraq Çempionlar Liqasını qazandı. Komanda daha əvvəl yalnız bir dəfə – 2020-ci ildə finala yüksəlmiş, lakin həmin oyunda Münhenin “Bavariya”sına məğlub olmuşdu.