Xüsusi Penitensiar Xidmət məhkum Nana Sander ilə bağlı bəyanat yayır
Məhkum Nana Sander avqust ayında telefon limitini tamamilə bitirib. Qidalanma ilə bağlı məlumata gəlincə, müəssisəyə yerləşdirildiyi gündən o, veqan qida ilə təmin olunub, onun müəssisənin ərazisində yerləşən mağazada maneəsiz istifadə etdiyi öz bank kartı var – bu barədə Xüsusi Penitensiar Xidmətin bəyanatında deyilir.
“Xüsusi Penitensiar Xidmət məhkum Nana Sander üçün telefonla danışmaq hüququnun məhdudlaşdırılması ilə bağlı yayılan dezinformasiyaya münasibət bildirir.
Məhkum Nana Sander cəzasını yarımqapalı və qapalı tipli penitensiar müəssisə olan 5 saylı qadın xüsusi müəssisəsində çəkir. Onun üçün müəyyən edilmiş artan təhlükə riskinə uyğun olaraq, o, müəssisənin qapalı hissəsinə yerləşdirilib.
Penitensiar Məcəlləyə əsasən, qapalı tipli azadlıqdan məhrumetmə müəssisəsinə yerləşdirilən məhkumun bir ay ərzində telefon danışığı limiti 75 dəqiqə təşkil edir.
Məhkum Nana Sander avqust ayında onun üçün müəyyən edilmiş telefon limitini tamamilə bitirib.
Qidalanma ilə bağlı məlumata gəlincə, məhkum müəssisəyə yerləşdirilərkən veqan olduğunu bildirib, müvafiq olaraq, müəssisəyə yerləşdirildiyi gündən (2025-ci ilin avqustun 8-dən) veqan qida ilə təmin olunur.
Əlavə olaraq qeyd edirik ki, Nana Sanderin 2025-ci ilin oktyabr ayından öz bank kartı var və müəssisənin ərazisində yerləşən mağazada ondan maneəsiz istifadə edərək istədiyi həm veqan, həm də qeyri-veqan (süd məhsulları) qidaları alır. Bunları təsdiq edən sənədlər N5 penitensiar müəssisəsində saxlanılır” – Xüsusi Penitensiar Xidmətin bəyanatında deyilir.