Xüsusi Penitensiar Xidmət məhbus Davit Peikrişvili ilə bağlı bəyanat yayır

18:35, 20.10.2026

 

Xüsusi Penitensiar Xidmət məhbus Davit Peikrişvili ilə bağlı bəyanat yayır.

Bəyanatda deyildiyi kimi, təqsirləndirilən Davit Peikrişviliyə qarşı kamera yoldaşları tərəfindən heç bir zorakılıq törədilməyib.

“Xüsusi Penitensiar Xidmət Davit Peikrişvilinin vəkilinin guya №8 cəzaçəkmə müəssisəsində oktyabrın 16-dan sonra müdafiə etdiyi şəxsə kamera yoldaşları tərəfindən fiziki və psixoloji təzyiq göstərildiyi və onun səhhətinin acınacaqlı vəziyyətdə olduğu barədə yaydığı bəyanatına münasibət bildirir. Xüsusilə qeyd edirik ki, yayılan ittihamlar həqiqətə uyğun deyil və təqsirləndirilən Davit Peikrişviliyə qarşı kamera yoldaşları tərəfindən heç bir zorakılıq törədilməyib.

Buradaca izah edirik ki, bu gün vəkillərlə görüş otağında təqsirləndirilən Peikrişvili vəkili ilə görüşmək üçün çıxarılıb, bu zaman o, gözlənilmədən sürətli addımlarla otağı tərk edib, vəkillərlə görüş otağının yaxınlığındakı dəhlizdə olan pəncərənin şüşəsini sındırıb və şüşə qırıntısı ilə özünə xəsarət yetirəcəyi ilə hədələyib, bununla yanaşı məhbusları qarışıqlığa çağırıb. Məhbuslar onun təxribat xarakterli çağırışına uymayıb və bu hərəkətinə görə hətta onu sözlü şəkildə təhqir də ediblər. Davit Peikrişvili qardaşı ilə görüşməyi tələb edirdi, lakin Peikrişvili qardaşları eyni cinayət işi üzrə təqsirləndirildikləri üçün qüvvədə olan qanunvericiliyə əsasən müəssisədə onların görüşməsi yolverilməzdir.

Buradaca qeyd edək ki, artıq bir neçə gündür Davit Peikrişviliyə qarşı cəzaçəkmə müəssisəsində fiziki zorakılıq ilə bağlı yalan məlumat yayıldığından, oktyabrın 19-da Xüsusi Penitensiar Xidmət Gürcüstan Prokurorluğu qarşısında vəsatət qaldırıb (prokurorluğun qərarı ilə istintaqın maraqlarından irəli gələrək təqsirləndirilən şəxsin görüş və telefon danışıqları hüququ məhdudlaşdırılmışdı). Prokurorluq Penitensiar Xidmətin vəsatətini nəzərə alıb və təqsirləndirilən şəxsə birdəfəlik olaraq ailəsinə (anası) telefon zəngi etmək hüququ verilib.

O fakt da mühümdür ki, təqsirləndirilən şəxsin anası özü oktyabrın 19-da media vasitələrində yayılan şərhində açıq şəkildə bildirib və oğlu da təsdiqləyib ki, o yaxşıdır, təqsirləndirilən şəxsin vəkili də ana ilə söhbətində Davit Peikrişviliyə qarşı həbsxanada kimsə tərəfindən fiziki zorakılıq edilməsi faktını birmənalı olaraq təkzib edirdi.

Beləliklə, Xüsusi Penitensiar Xidmət Peikrişvili qardaşlarının ətrafında qaldırılan ajiotajı qurumun nüfuzdan salınması cəhdinin davamı və məqsədyönlü kampaniya kimi qiymətləndirir və hamını bu cür yalan məlumatlar yaymaqdan çəkinməyə çağırır” – yayılan bəyanatda deyilir.

Oxşar