Xüsusi İstintaq Xidməti “TV Pirveli”nin əməkdaşlarına hücum faktı ilə əlaqədar bəyanat yayır
Xüsusi İstintaq Xidməti “TV Pirveli”nin əməkdaşlarına hücum faktı ilə əlaqədar bəyanat yayır.
“2024-cü ilin dekabrın 7-də Tbilisidə Qriboedov küçəsində “TV Pirveli” teleşirkətinin əməkdaşlarına hücum faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə Xüsusi İstintaq Xidmətində istintaq aparılır.
Qurum məlumat aldıqdan sonra dərhal iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirib: jurnalistə və operatora hücumda iştirak edən şəxslərin və onların əlbirlərinin müəyyən edilməsi, eləcə də birbaşa cinayəti törətməzdən əvvəl və cinayəti törətdikdən sonrakı dövrdə onların hərəkət marşrutunun müəyyən edilməsi məqsədilə hadisə yerinə və ətraf əraziyə baxış keçirilib, nəticədə də Qriboedov, Zubalaşvili qardaşları, Besiki, M. Lağidze, Al. Cavcavadze küçələri və Şota Rustaveli prospektindən konservatoriyanın və 5 özəl obyektin müşahidə kameralarının videogörüntüləri təcili olaraq götürülüb, onların ətraflı şəkildə öyrənilməsinə və təhlilinə artıq başlanılıb. Həmçinin, digər özəl və ictimai obyektlərdən videogörüntülərin tələb edilməsi və öyrənilməsi prosesi gedir.
2024-cü ilin dekabrın 8-də teleşirkətlərdən birinin teleefirində cinayəti mümkün törədən şəxslər haqqında yayılmış məlumatla əlaqədar Q. L.-in şəxsi və yaşayış evində axtarış aparılıb, nəticədə də onun mobil telefonu götürülüb və orada olan məlumatlara baxış keçirilib. Mobil telefonun yaddaşında saxlanılmış məlumatın bərpası məqsədilə L.Samxarauli adına Məhkəmə Milli Ekspertiza Bürosunda kompüter ekspertizası təyin edilib. İşin halları ilə əlaqədar Q.L. və ailəsinin üzvü dindirilib.
Həmçinin, hadisə yerində olması ehtimalı ilə bağlı media vasitəsi ilə məlumatın yayıldığı L.T. istintaq orqanına ifadə vermək üçün çağırılıb.
Telefon qüllələrinin və istintaq üçün maraqlı şəxslərin hərəkətinin öyrənilməsi üçün mobil operatorlardan məlumatların alınması prosesi gedir.
Zərərçəkmiş jurnalist və operatorun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün tibbi ekspertiza təyin edilib.
Xüsusi İstintaq Xidməti jurnalistlərə hücumda iştirak edən şəxslərin müəyyən edilməsi və saxlanılması, dəlillərin əldə edilməsi məqsədilə istintaq və prosessual hərəkətləri fasiləsiz rejimdə davam etdirir” – bəyanatda qeyd olunub.