Xüsusi İstintaq Xidməti aksiyalarla əlaqədar istintaqın gedişatı haqda bəyanat yayır
Xüsusi İstintaq Xidməti 2024-cü ilin noyabr və dekabr aylarında davam edən aksiyalarla əlaqədar istintaqın gedişatı haqda bəyanat yayır.
Qurumda izah etdikləri üzrə, 2024-cü ilin noyabr və dekabr aylarında Tbilisidə etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıqla vəzifə səlahiyyətlərini aşmaq və jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktları üzrə Xüsusi İstintaq Xidmətində Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi və 154-cü maddəsinin 2-ci hissəsi ilə istintaq aktiv rejimdə aparılır.
“Xidmət qaynar xətt vasitəsilə, eləcə də Xalq Müdafiəçisi Aparatından, media ombudsmanından və müvəqqəti saxlama təcridxanalarından 319 nəfərin hüquqlarının pozulması ilə bağlı bildiriş alıb, onların arasında həm aksiya iştirakçıları, həm də media mənsubları var. Xidmət bildirişləri mütəmadi olaraq almağa davam edəcək. Xidmətin mövcud resurslarından maksimum istifadə etməklə hər bir bildirişə sürətli hüquqi cavab verilir.
İstintaq başlayandan bu günədək istintaq orqanında, müvəqqəti saxlama təcridxanalarında və klinikalarda 140 nəfər (o cümlədən 5 jurnalist) dindirilib, 42 vətəndaşın üzərində tibbi ekspertiza aparılıb.
Dəlillərin əldə edilməsi məqsədilə müxtəlif lokasiyalarda hadisə yerinə baxış keçirilib, bu zaman istintaq üçün maraqlı olan müşahidə videokameraları müəyyən edilib. İctimai internet məkanında mövcud olan yüzlərlə saatlıq televiziya verilişlərinin yazılarının öyrənilməsi/təhlili davam edir.
Hadisə yerlərində yerləşən özəl və ictimai obyektlərdən videomaterialların götürülməsi prosesinə başlanılıb. Həmçinin, müxtəlif teleşirkətlərdən videomaterialların götürülməsi davam edir.
Aksiyada xəsarət alan şəxslərə tibbi yardım göstərən təcili tibbi yardım qrupunun əməkdaşlarının kimliyi ilə bağlı Fövqəladə Halların Koordinasiyası və Təcili Tibbi Yardım Mərkəzindən məlumat tələb olunub. 2024-cü ilin noyabr və dekabr aylarında etiraz aksiyası zamanı xəsarət aldıqdan sonra ambulator/stasionar tibbi yardım alan şəxslərin tibbi sənədləri ilə bağlı klinikalardan məlumat tələb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dindirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama ilə Təminat İdarəsindən inzibati həbs protokolları və tibbi sənədlər toplanır.
Xidmət hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hüquqlarının pozulması barədə məlumat verən bütün şəxslərə və onların vəkillərinə cinayət işlərinə çıxış və işin materialları ilə tanış olmaq imkanı verir.
Xüsusi İstintaq Xidməti iş üzrə bütün zəruri istintaq və prosessual hərəkətləri aktiv şəkildə həyata keçirir” – İstintaq Xidmətinin bəyanatında qeyd olunub.
Qurumda istintaqın gedişatı və nəticələri haqda ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcəyini bildirirlər.