“Xusilər” Ədən beynəlxalq hava limanına ballistik raketlər və partlayıcı maddələrlə yüklənmiş dronlarla hücum ediblər
Yəməndə “Husilər” Ədən beynəlxalq hava limanına ballistik raketlər və partlayıcı maddələrlə yüklənmiş dronlarla hücum ediblər. Bu barədə “Reuters” Yəmənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Raketlərdən biri Qahirədən Ədənə uçan təyyarənin enişinə bir neçə dəqiqə qalmış hava limanının uçuş-enmə zolağının yaxınlığına düşüb. Təhlükəsizlik məqsədilə təyyarə Ciddəyə yönləndirilib, uçuş-enmə zolağında olan iki təyyarə isə ərazidən çıxarılıb.
“Husilər” hələlik hadisə ilə bağlı açıqlama verməyiblər.
Medianın məlumatına görə, hücumlar Yəməndə bir neçə istiqamətdə döyüşlərin intensivləşməsi fonunda həyata keçirilib. Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri “Husilərə” qarşı əks-hücuma keçib. Koalisiyanın hava dəstəyi ilə onlar strateji əhəmiyyətli Bab-əl-Məndəb boğazı və Moha şəhəri ətrafındakı Qırmızı dəniz sahillərini geri qaytarmaq üçün əməliyyata başlayıblar.
Hökumət qüvvələri “Husiləri” qruplaşmanın ötən ay ələ keçirdiyi ərazilərdən geri çəkilməyə məcbur ediblər.