Gürcüstanda koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində, Gürcüstan hökuməti əcnəbilərin ölkəyə girişinə qadağanın qoyulması ilə bağlı qərar qəbul edib.
Gürcüstan hökuməti tərəfindən yayılmış məlumata əsasən, qadağa 2020-ci ilin martın 18-də,saat 00:00-dan etibarən tətbiq olunacaq və iki həftə ərzində qüvvədə qalacaq.
Məhdudiyyətlər aşağıda sadalananlar istisna olmaqla, istənilən xarici ölkə vətəndaşına şamil olunacaq: Gürcüstanda akreditasiyadan keçmiş diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və onların ailə üzvləri; həyat yoldaşı və ya azyaşlı uşaqlardan birinin Gürcüstan vətəndaşı olduğu qarışıq ailələr; humanitar missiya ilə gələn insanlar (həkim,könüllülər); Gürcüstanın aidiyyatı orqanı tərəfindən verilən – vətəndaşlığı olmayan şəxs statusuna malik şəxslər; neytral status sənədi olan şəxslər; Gürcüstanda qaçqın statusu olan şəxslər.