Xarici media – Litva Rusiya vətəndaşlarının bir hissəsini ölkəyə daxil olarkən Rusiyanın təcavüzünü pisləməyə məcbur edə bilər
Litva Rusiya vətəndaşlarının bir hissəsini ölkəyə daxil olarkən Rusiyanın təcavüzünü pisləməyə məcbur edə bilər – bu haqda məlumatı xarici media yayır.
Medianın məlumatına əsasən, Litvanın Xarici İşlər Nazirliyi təhsil, elm, mədəniyyət, idman və əyləncə sahələrində işləmək üçün Litvaya gəlməyi planlaşdıran Belarus və Rusiya vətəndaşlarının işğal olunmuş Ukrayna ərazilərində fəaliyyət göstəriblərsə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini birbaşa və ya dolayı yolla dəstəkləyiblərsə yaxud iştirak ediblərsə, ölkəyə daxil olmasına qadağa qoyulmasını nəzərdə tutan təşəbbüslə çıxış edir.
“Delfi”nin xəbər verdiyi kimi, Rusiya və Belarusun sözügedən kateqoriyaya aid vətəndaşları Litvaya daxil olmaq üçün Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən, BMT Nizamnaməsinə və onun prinsiplərinə, həmçinin Ukraynanın müstəqilliyi və suverenliyinə dəstəyini təsdiqləyən bəyannaməyə imza atmalı olacaqlar.
Litvanın İctimai Yayımçısının məlumatına əsasən, müvafiq dəyişikliklərin “Ukraynaya qarşı hərbi təcavüzlə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər haqqında” qanuna daxil edilməsi planlaşdırılır. Bu qanun layihəsinə əsasən, Litvada yaşamaq icazəsi olan Rusiya və Belarus vətəndaşlarına strateji obyektlərin və hərbi poliqonların yaxınlığında daşınmaz əmlak əldə etmək qadağan ediləcək. Məhdudiyyət onların mülkiyyətində olan hüquqi şəxslərə də şamil olunacaq.
Litvanın Xarici İşlər Nazirliyi həmçinin Litvada yaşamaq icazəsi olmayan Belarus vətəndaşlarına ölkədə daşınmaz əmlak əldə etməyin tam qadağan olunması təşəbbüsü ilə çıxış edir. Rusiya vətəndaşları üçün analoji qadağa artıq 2023-cü ildən qüvvədədir.
Qanun layihəsi təsdiqlənərsə, yeni qaydalar 2027-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.