Xarici İşlər Nazirliyində Cenevrə Beynəlxalq Danışıqlarının 62-ci raunduna hazırlıq görüşü keçirilib
Xarici İşlər Nazirliyində Cenevrə Beynəlxalq Danışıqlarının 62-ci raunduna hazırlıq görüşü keçirilib

 
Tbilisidə Cenevrə Beynəlxalq Danışıqlarının 62-ci raunduna hazırlıq görüşü keçirilib.

Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən görüşdə danışıqların Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrləri iştirak edirdilər. Xarici işlər nazirinin birinci müavini və Cenevrə Beynəlxalq Danışıqlarında Gürcüstan nümayəndə heyətinin rəhbəri Laşa Darsalia gürcü tərəfdən görüşə rəhbərlik edirdi.

Görüşdə Cenevrə Beynəlxalq Danışıqlarının səmərəli fəaliyyətinin əhəmiyyəti vurğulanıb və bu kontekstdə Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyində duran əsas məsələlərə – Rusiya tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması ilə götürülmüş beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə və məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtması istiqamətində irəliləyişin zəruriliyinə diqqət yetirilib.

Həmçinin, Qalidə İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizminin (IPRM) heç bir ilkin şərt olmadan bərpa edilməsinin, Qali və Erqnetidə qeyd olunan mexanizmin mütəmadi olaraq, əsas prinsiplərə uyğun keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Cenevrə Beynəlxalq Danışıqlarının 62-ci raundu 2024-cü ilin 5-6 noyabr tarixlərində keçiriləcək.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayır.