Xarici İşlər Nazirliyi - Avropa Şurası və təşkilata üzv 46 ölkə bir daha beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəyini təsdiqləyir
2025-ci ilin aprelin 30-da Avropa Şurasının Nazirlər Komitəsi gündəlikdəki – “Avropa Şurası və Gürcüstanda münaqişə” mövzusu çərçivəsində on ikinci qərarını qəbul edib – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qurumun məlumatına əsasən, Avropa Şurası və təşkilata üzv 46 ölkə bir daha beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəyini təsdiqləyir.
“Qərar qeyd edir ki, Rusiya Federasiyası beynəlxalq öhdəliklərini, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşmasını pozur və Gürcüstanın Abxaziya və Sxinvali bölgələrində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirir. Nazirlər Komitəsinin qərarında üzv ölkələr bir daha Avropa Şurasının 2023-cü ilin Reykyavik tarixi sammitinin bəyannaməsini alqışlayırlar. Bu bəyannamə ilə təşkilata üzv ölkələrin liderləri Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və Gürcüstan ərazisindən qüvvələrini dərhal, tam və şərt qoşulmadan çıxarmağa çağırıblar. Avropa Şurasına üzv ölkələr Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını alqışlayırlar, bu qərarlarla Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin işğalı dövründə insan hüquqlarının kobud şəkildə pozulmasına görə Rusiya Federasiyasının məsuliyyət daşıdığı müəyyən olunub və 2008-ci ilin Rusiya-Gürcüstan avqust müharibəsindən əvvəl işğal altındakı Abxaziyada Rusiya Federasiyasının effektiv nəzarəti təsdiqlənib.
Həmçinin, sənəd Strasburq Məhkəməsinin son, 2024-cü ilin 17 dekabr tarixli qərarını alqışlayır, bu qərarla məhkəmə bir daha Rusiyanın insan hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını təsdiq edib. Avropa Şurasının Nazirlər Komitəsi Rusiya Federasiyasını Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə və Avropa Şurasının insan hüquqlarının müdafiəsi və monitorinqi üzrə orqanlarının Gürcüstan hökumətinin nəzarətindən kənarda qalan ərazilərə dərhal və məhdudiyyətsiz girişini təmin etməyə çağırır.
Qeyd olunmalıdır ki, Nazirlər Komitəsinin qərarlarının qəbul edilməsi 2014-cü ildən həyata keçirilir. Bununla Avropa Şurası Rusiya Federasiyası tərəfindən Gürcüstanın bölgələrinin işğalı məsələsinin təşkilatın siyasi gündəliyində prioritet olduğunu açıq şəkildə vurğulayır və Avropa Şurasına 46 üzv ölkənin aydın mövqeyini əks etdirən mühüm hüquqi, siyasi sənəd hesab olunur” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.