Xarici İşlər Nazirliyi - Almaniyanın səfirinə izah edildi ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin üzvünün ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var
Xarici İşlər Nazirliyi - Almaniyanın səfirinə izah edildi ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin üzvünün ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var

 

Almaniyanın səfirinə izah edildi ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin üzvünün ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var – bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qurumun məlumatına əsasən, görüşdə ölkədə radikal gündəmi təşviq etmək cəhdlərinin gürcü tərəfinin narahatlığına səbəb olduğu qeyd olunub.

“Xarici işlər nazirinin birinci müavini Qiorqi Zurabaşvili sentyabrın 24-də Xarici İşlər Nazirliyində Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Peter Fişer ilə görüşüb.

Görüşdə səfirə izah edilib ki, “Diplomatik Münasibətlər haqqında” 1961-ci ilin Vyana Konvensiyasının 41-ci maddəsinin 1-ci bəndinə əsasən, diplomatik nümayəndəliyin üzvü olduğu dövlətin qanunlarına və qaydalarına hörmət etməlidir, bununla yanaşı, ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var.

Görüşdə ölkədə radikal gündəmi təşviq etmək cəhdlərinin gürcü tərəfinin narahatlığına səbəb olduğu qeyd olunub, bu da öz növbəsində demokratiya prinsiplərinə ziddir və cəmiyyətdə qütbləşmənin alovlanmasına kömək edir. Həmçinin, ölkədə davam edən məhkəmə proseslərini siyasiləşdirmək cəhdləri və bu prosesdə səfirlərin iştirakı narahatlıq doğurur.

Gürcü tərəfi Almaniyanın səfirliyi tərəfindən nifrət nitqinin alovlandırılması və dezinformasiyanın yayılmasına dəstək ilə bağlı ifadə edilmiş narahatlığın əsasları ilə maraqlanıb. Qeyd olunub ki, sözügedən narahatlığın konkret əsaslandırmasının təqdim edilməsi səfirlikdən rəsmi şəkildə tələb olunub, bu isə indiyədək edilməyib və müvafiq olaraq, gürcü tərəfi oxşar ittihamları hakimiyyətə qarşı əsassız hücumun növbəti cəhdi hesab edir.

Gürcüstan hakimiyyəti ona qarşı həyata keçirilən məqsədyönlü kampaniyalara baxmayaraq, münasibətlərə böyük əhəmiyyət verir və onunla ehtiyatlı davranır və hesab edir ki, oxşar hərəkətlər iki ölkə arasında illər ərzində formalaşmış tərəfdaşlıq əlaqələrinə zərər verir. Xarici İşlər Nazirliyi ümid edir ki, diplomatik nümayəndələrin fəaliyyəti gələcəkdə ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq prinsiplərinə söykənəcək” – Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.