Xaricdə “Rusiyanın maraqlarına zidd” hərəkət edən Rusiya vətəndaşlarının əmlakına həbs qoyulması haqqında qanun layihəsi Rusiyanın Dumasına daxil olunub
Tatarıstan Respublikasının Dövlət Şurası Rusiyanın hüdudlarından kənarda “Rusiyanın maraqlarına zidd” fəaliyyətlə məşğul olan Rusiya vətəndaşlarının əmlakına həbs qoyulmasına imkan yaradan qanun layihəsini Rusiyanın Dövlət Dumasına daxil edib.
İnzibati Xətalar Məcəlləsinə ediləsi dəyişikliklərin mətni Dövlət Dumasının veb saytında dərc olunub. Məlumatı “Deutsche Welle” yayır.
Təşəbbüsün müəllifləri izahat kartında qeyd edirlər ki, mövcud qanunvericilik başqa ölkədə olan müxalif əhvali-ruhiyyəli Rusiya vətəndaşlarının Rusiyanın hüdudlarından kənarda fəaliyyət göstərdikləri halda inzibati məsuliyyətə cəlb edilməsinə imkan vermir.
Təşəbbüsün müəllifləri həmçinin iddia edirlər ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra rus mühacirlər daha çox “Rusiyanın ərazi bütövlüyünün və konstitusiya quruluşunun əsaslarının pozulmasına yönəlik çağırışlarla əlaqəli ictimai hərəkətlər” həyata keçirirlər.
“Yeni düzəlişlərin məqsədi bu cür hərəkətlərin “qarşısını almaq”dır”- Tatarıstanın deputatları bildiriblər.
Layihənin müəlliflərinin dediyi kimi, xaricdə Rusiyanın İnzibati Xətalar Məcəlləsini pozan rusların əmlakına həbs qoyulması “Rusiya məhkəməsi tərəfindən verilən inzibati cəzadan yayınılmaması” üçün zəruridir.
Ölkədən getmiş qanun pozucularına sanksiyalar barədə elektron poçt və telefon vasitəsilə məlumat veriləcək və ya bu məlumatı onların qanuni nümayəndələri alacaqlar.
2023-cü ilin yazında Tatarıstanın Dövlət Şurası Dövlət Dumasına oxşar qanun layihəsini artıq daxil etmişdi, lakin sonra Rusiya hökuməti onu təkmilləşdirilməsi üçün geri göndərdi.