Xalq müdafiəçisinin hesabatı – 2025-ci ildə işğalçı rejimlər tərəfindən uzunmüddətli qanunsuz həbs halları tez-tez təkrar olunub
x
Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Gürcüstan Parlamentində insanın hüquq və azadlıqlarının müdafiəsinin vəziyyətinə dair 2025-ci ilin hesabatını təqdim edib.
Xalq müdafiəçisinin mətbuat xidmətinin məlumatına əsasən, Levan İoseliani çıxışına 2025-ci ildə münaqişədən zərər çəkmiş, (həm mərkəzi hökumətin nəzarətində olan, həm də işğal olunmuş ərazilərdə) yaşayan əhalinin vəziyyətinin icmalı ilə başlayıb. Ombudsman mülkiyyət hüququnun pozulmasından, işğalçı qüvvələr tərəfindən aparılan qanunsuz “borderizasiya” prosesinin gedişatından danışıb və qeyd edib ki, hesabat ilində Rusiya işğalçı qüvvələri işğal olunmuş Sxinvali istiqamətində 60 kilometrdən çox uzunluğunda tikanlı məftillər çəkib, işğal olunmuş Abxaziya istiqamətində isə süni maneələrin ümumi uzunluğu 50 kilometri ötüb.
“Rəsmi məlumatlara əsasən, 2025-ci ildə işğalçı rejimlər dırnaqarası sərhədi qanunsuz keçmək ittihamı ilə işğal xəttində Sxinvali regionu istiqamətində 32 nəfəri, işğal olunmuş Abxaziya istiqamətində isə 40 nəfəri saxlayıblar. Uzunmüddətli qanunsuz həbs halları da tez-tez təkrar olunmağa başlayıb.
Ana dilində təhsilə əlçatanlıq ən mühüm çağırış olaraq qalmaqdadır. Qali və Axalqorinin bütün məktəblərinin ibtidai siniflərində gürcü dilində tədris tamamilə qadağan edilib və ana dili xarici dil və ədəbiyyat fənninə çevrilib, bu səbəbdən də ildən-ilə şagirdlərin sayı azalır.
İşğal olunmuş ərazilərdə tibbi xidmətlərin və infrastrukturun bərbad vəziyyətdə olması, tibb heyətinin qeyri-kafi ixtisası, həmçinin pasiyentlərin hərəkət etməsində yaranan çətinliklər nəzərə alınmaqla, işğal olunmuş ərazilərdə yaşayan insanlar üçün Gürcüstanın nəzarətində olan ərazidə fəaliyyət göstərən “Referal xidmət” proqramı həyati əhəmiyyət kəsb edir.
2025-ci ildə Gürcüstanın nəzarətində olan ərazidə fəaliyyət göstərən “Referal xidmət” proqramı çərçivəsində işğal olunmuş ərazilərdən 1 406 pasiyent maliyyələşdirilib. Onlardan 1 131 nəfəri Abxaziyadan, 260 nəfəri isə Sxinvali regionundandır.