Xalq müdafiəçisi – Yumor verilişlərində əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkilik xarakterli yanaşmalar müşahidə olunur. Media məhsullarının yaradıcılarını ləyaqət, bərabərlik və inklüzivlik prinsiplərini nəzərə almağa çağırıram

17:28, 16.07.2026

Yumoristik media platformalarında və verilişlərdə əlilliyi olan şəxslərə münasibətdə stiqmanı və ayrı-seçkilik xarakterli stereotipləri gücləndirən yanaşmalar müşahidə olunur. İctimai şəxsləri və media məhsullarının yaradıcılarını yaradıcılıq azadlığından istifadə edərkən insan ləyaqəti, bərabərlik və inklüzivlik prinsiplərini nəzərə almağa çağırıram, – bu barədə Xalq müdafiəçisinin bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, demokratik cəmiyyətdə ifadə azadlığı fundamental hüquqlardan biridir.

“Gürcüstanın Xalq müdafiəçisi son dövrlərdə ictimai məkanda, o cümlədən yumoristik media platformalarında və verilişlərdə yayılan, əlilliyi olan şəxslərə münasibətdə stiqmanı və ayrı-seçkilik xarakterli stereotipləri gücləndirən məzmunlara münasibət bildirir. Xalq müdafiəçisi vurğulayır ki, demokratik cəmiyyətdə ifadə azadlığı əsas hüquqlardan biridir.

Bununla yanaşı, ifadə azadlığından istifadə edilərkən onun mümkün sosial təsiri də nəzərə alınmalıdır. Xüsusilə də ifadənin obyekti mövcud stiqma və qərəzli münasibətlər səbəbindən artıq sosial maneələrlə üzləşən həssas qruplar olduqda bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Xalq müdafiəçisi qeyd edir ki, yumor və media məhsulları ictimai münasibətlərin, təsəvvürlərin və stereotiplərin formalaşmasında mühüm rol oynayır. Buna görə də konkret ifadənin cəmiyyətə hansı mesajı ötürdüyü və müəyyən qrupların təcridinə və ya ayrı-seçkiliyə səbəb olan münasibətləri gücləndirib-gücləndirmədiyi xüsusi əhəmiyyət daşıyır.

Əlilliyi olan şəxslərə qarşı mövcud stiqmanın aradan qaldırılması və bərabər sosial mühitin təmin edilməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsidir. Bu baxımdan media, əyləncə sənayesi və digər ictimai platformaların nümayəndələri yaydıqları məzmunun tarixən və ya faktiki olaraq həssas vəziyyətdə olan şəxslərə və qruplara mümkün təsirini nəzərə almaq baxımından xüsusi sosial məsuliyyət daşıyırlar.

Buna görə də Xalq müdafiəçisi bir daha ictimai şəxsləri və media məhsullarının yaradıcılarını yaradıcılıq azadlığını həyata keçirərkən insan ləyaqəti, bərabərlik və inklüzivlik prinsiplərini nəzərə almağa çağırır”, – deyə bəyanatda qeyd olunub.

Oxşar