Xalq müdafiəçisi - Ümid edirik ki, Qiorqi Axobadze barəsində çıxarılmış bəraət hökmü düzgün məhkəmə təcrübəsinin inkişafına müsbət təsir göstərəcək
Xalq müdafiəçisi Tbilisi Şəhər Məhkəməsi tərəfindən Qiorqi Axobadze barəsində 2025-ci ilin avqustun 6-da çıxarılmış bəraət hökmünü təqdir edir – bu barədə xalq müdafiəçisinin sosial şəbəkədə dərc olunmuş bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, xalq müdafiəçisi bu iş üzrə 2025-ci ilin martın 4-də məhkəməyə “amicus curiae” rəyi ilə müraciət edib və neytral sübutların mövcudluğunun əhəmiyyətini vurğulayıb.
“Məhkəmənin dostunun rəyində insan hüquqlarının konstitusion və beynəlxalq standartları müzakirə olunmuşdu, buna əsasən, şəxsin üzərində axtarış aparılarkən neytral sübutların yaradılması və toplanması şəxsin məsuliyyətə cəlb olunması üçün mühüm məna kəsb edir.
Polislərin neytral sübutlar, o cümlədən video qeydlər əldə etmək imkanına malik olması və bunu etməməsi, ittihamın isə mahiyyətcə yalnız polislərin ifadələrinə əsaslandığı hallar insan hüquqlarına uyğun praktika sayıla bilməz.
Xalq müdafiəçisi ümid edir ki, Qiorqi Axobadze barəsində bəraət hökmünün çıxarılması polis tərəfindən neytral sübutların əldə olunması öhdəliyinin formalaşmasına və düzgün məhkəmə təcrübəsinin inkişafına müsbət təsir göstərəcək” – Xalq Müdafiəçisi Aparatı tərəfindən yayılmış bəyanatda deyilir.